Alimlər xərçəngdən qorunma üsullarından danışdılar
Xərçəng xəstəliyinə yoluxma hallarının 40 faizi zərərli vərdişlər və həyat tərzi ilə əlaqədardır. Bu səbəbdən xəstəliyin qarşısını almaq mümkündür. Amerika Onkoloji Cəmiyyətinin ekspertləri bu qənaətə gəliblər. Onlar bildirirlər ki, xərçəng xəstəliyinə yoluxmada ən böyük risq siqaret çəkməklə əlaqədardır – bütün onkoloji xəstəliklərin 19 faizi və ölümlərin 29 faizi bununla əlaqədardır. Artıq çəki ilə bağlı bu göstərici 7 faizdir və 6 faizi ölümlə nəticələnir. Bundan başqa içki içmək, ultrabənövşəyi şüalara məruz qalmaq və fiziki aktivliyin aşağı olması da xərçəng xəstəliyinə gətirən vəziyyətlərdəndir. Araşdırmada bu faktorların xərçəng xəstəliyinin 26 növü ilə əlaqəsi analiz edilib. Göstərilən şəraitdə tibb işçiləri ən çox ağ ciyər və yoğun bağırsaq xərçənginin inkişafı risqini göstəriblər. Araşdırma müəlliflərinin fikrincə, zərərli vərdişləri tərk etmək, balanslaşdırılmış qidalanma və fiziki aktivlik xərçəngin qarşısını ala bilər. Bundan başqa tibb işçiləri bu xəstəliklə əlaqədar mütəmadi müayinəni məsləhət görürlər. Qeyd edək ki, bundan əvvəl amerikalı alimlər xroniki alkoqolizmin və hətta az miqdarda mütəmadi içki qəbulunun xərçəngin eyni anda bir neçə növünə – o cümlədən döş, boğaz, qida borusu, qara ciyər və başqa orqanların xərçənginə gətirdiyi barədə xəbərdarlıq etmişdilər.(faktxeber)