Maide.az

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının təhlilçisi hicab qadağasından danışdı

  ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının təhlilçisi Katrin Kosman `Amerikanın Səsi` radiosuna müsahibə verib ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının təhlilçisi Katrin Kosman Azərbaycanda din azadlığının vəziyyətinin ciddi narahatlıq doğurduğunu bildirir.   “Azərbaycan müstəqilliyinin ilk günündən din azadlığı və dini ifadə azadlığı sahəsində liberal qanunlara malik idi. O zamanlar toplaşma, dini kitabların nəşrində ciddi problemlər yox idi. Lakin vaxt keçdikcə vəziyyət dəyişdi. Din qanunlarında 14 dəfə düzəliş edilib. Hər dəfə də daha kəskin qaydalar tətbiq edilib. Hazırda dini mərasimlər üçün hökumətin icazəsi, qeydiyyatdan keçmək lazımdır. Əks təqdirdə qeyri-leqal hesab edilirsiniz. Qeydiyyatdan keçməyənləri həbslər, cərimələr gözləyir.   Hicabın yasaqlanması çoxsaylı həbslərə səbəb olub. 35 nəfər bununla bağlı həbsdədir. Əvvəllər hicaba məktəblər və universitetlərdə icazə verilirdi. Bu belə də olmalıdır. Çünki bu, hər bir kəsin individual dini ifadə azadlığıdır.   Dini fəaliyyətlərə tətbiq edilən digər məhdudiyyətlər də aradan qaldırılmalıdır. Məsələn, uşaqların dini fəaliyyətləri üçün valideynlərin yazılı icazəsi olmalıdır. Əks təqdirdə buna da həbslər tətbiq edilir. Bundan əlavə dini fəaliyyətlər üçün xüsusi dini təhsil tələb olnur. Dinin tədrisi və təhsili də Azərbaycanın səlahiyyətli nümayəndələrinin təsdiqi ilə mümkündür.   Bütün bunlar hazırkı din qanununun çərçivəsidir. Azərbaycandakı siyasi məhbusların yarısı dini görüşləri və ya hicaba qadağa qoyulmasına etiraz olaraq aksiyalarda iştirak etdiklərinə görə nəzarət altındadır.   Onu da qeyd etməliyəm ki, Naxçıvanda vəziyyət daha gərgindir. Orada dini görüşləri nümayiş etdirmək olduqca çətindir. Təkcə dekabr ayında 50 din fəalı nəzarət altına alınıb. Onların durumu bəlli deyil. Qeydiyyat şərtləri də olduqca mürəkkəbdir. Bəzi dini qrupların sayı az olduğu üçün onlar qeydiyyat keçmək üçün yetərli hesab edilmir. Onlar evlərdə toplaşmalı olur. Bu da yasaqdır. Bütün bunlar dini fəaliyyətlərin məhdudlaşdırılmasının daha bir aspektidir.   Məhdudiyyətlər öz növbəsində Azərbaycanda insanların radikallaşmasına səbəb olur. Məhdudiyyətlər əksər əhalisi şiə olan Azərbaycanda həm şiələr, həm də sünnilərin bəzi nümayəndələrinin ektremist fəaliyyətlərinə yol aça bilər. Bu hallar baş verir. Lakin Azərbaycan hökumətinin vəziyyəti dəyələndirməsinə etibar etmək mümkün deyil.   Hökumət dini fəaliyyətləri özünə təhdid hesab edir. Çünki, hazırkı durum çoxsaylı insanın siyasi etirazlara səfərbərliyinə yol aça bilər. Məhdudiyyətlər də məhz buna görə tətbiq edilir.   Hökumətin Azərbaycan cəmiyyətinin tolerantlıq iddiaları, bu ölkədə anti-semitizmin mövcud olmadığına dair dedikləri həqiqətdir. Amma bu, digər problemlərin olmadığı demək deyil. Hökumətin din haqda qanununda belə deyilmir.   ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatlar Azərbaycanın din haqda qanununun beynəlxalq öhdəliklərə zidd olduğuna dair narahatlıqlarını hələ 2012-ci ildə bildirmişdi."