Maide.az

Şəri-dini suallara cavablar - SUAL 97

Maide.az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: SUAL 97: İçində qan olan yumurtanın hökmü nədir? Onu yemək olarmı? İmam Xomeyni və Ayətullah Fazil Lənkərani: Yumurtanın içindəki qan pakdır, lakin vacib ehtiyata əsasən, onu yeməkdən çəkinmək lazımdır. Əgər qan yumurtanın sarısı ilə qarışdırıldıqda aradan gedərsə, onu yeməyin eybi yoxdur. (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 98; Ayətullah Fazil Lənkəraninin dəftərxanasından sorğu.) Ayətullah Behcət, Ayətullah Təbrizi, Ayətullah Safi, Ayətullah Nuri Həmədani, Ayətullah Məkarim Şirazi və Ayətullah Vəhid Xorasani: Yumurtanın içindəki qan, vacib ehtiyata əsasən, murdardır və onu yeməkdən çəkinmək lazımdır. Əgər qan yumurtanın sarısındadırsa (və sarının üzərindəki pərdə sökülməyibsə), yumurtanın ağı pakdır. (“Tozihul-məsail”, Ayətullah Behcət, mərcəi-təqlidlər, məsələ 98; “Vəsilətun-nəcat”, 1-ci cild, məsələ 524; “Tozihul-məsail”, Ayətullah Məkarim Şirazi, mərcəi-təqlidlər, məsələ 98; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 99; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 98; “Təliqat ələl-urvə”, “Nəcasat” bölümü – 5-ci bölüm, məsələ 1.) Ayətullah Sistani: Yumurtanın içindəki qan murdar deyil, lakin müstəhəb ehtiyata əsasən, onu yeməkdən çəkinmək lazımdır. Əgər qan yumurtanın sarısındadırsa (və sarının üzərindəki pərdə sökülməyibsə), yumurtanın ağı pakdır. (“Tozihul-məsail”, Ayətullah Sistani, məsələ 98.) Ayətullah Xamenei: Yumurtanın içindəki qan pakdır, lakin onun yeyilməsi haramdır. Əgər qan yumurtanın sarısı ilə qarışdırıldıqda aradan gedərsə, onu yeməyin eybi yoxdur. (“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 269 və “İstifta”, sual 992.)