`Ənsərullah` liderindən Hudeydə açıqlaması
"Ənsərullah" hərəkatının lider Əbdül Malik Husi yəmənlilərin əl-Hudeydədən çıxması təklifinin gülünc olduğunu və qəbul edilməyəcəyini söyləyib. Maide.Az xəbər verir ki, o, bu barədə Fransanın "Le Fiqaro" qəzetinə müsahibəsində bildirib. Husi BMT-nin Hudeydə üzərində nəzarət və logistika rolunu həyata keçirməsini qəbul etdiklərini, lakin bunun qarşılığında şəhərə hücumların dayandırılmasını istəyib. Qeyd edək ki, liman şəhəri olan Hudeydə 2014-cü ildən "Ənsərullah"ın nəzarətindədir. S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri bu ilin əvvəlindən etibarən Hudeydəni mühasirəyə alıb. BMT şəhərə hücumları dayandırmağı və şəhəri BMT-nin nəzarətindəki bir komitəyə vermək üçün tərəflərlə razılığa gəlməyə çalışır. Onu da bildirək ki, koalisiya qüvvələrinin 2015-ci ildən bəri Yəmənə təcavüzü nəticəsində 2200-ü uşaq olmaqla 10 mindən çox yəmənli öldürülüb.