Maide.az

Şəri-dini suallara cavablar - SUAL 59

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    NAMAZIN HÖKMLƏRİ SUAL 59: Əgər bir qadın namaz əsnasında saçının göründüyünü və örtükdən çöldə qaldığını bilərsə, vəzifəsi nədir? Əgər bunu namazdan sonra başa düşərsə, namazı düzgündürmü? Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Behcət, Təbrizi və Vəhiddən başqa): “Əgər namaz əsnasında bilərsə, saçını dərhal örtməlidir və namazı da düzgündür; bu şərtlə ki, onun saçını örtməsi uzun çəkməsin. Əgər namazdan sonra başa düşərsə, namazı düzgündür.” (“Tozihul-məsaile mərace”, məsələ 792; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 432; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 793.) Ayətullah Behcət və Ayətullah Vəhid Xorasani: “Əgər namaz əsnasında bilərsə, saçını dərhal örtməlidir və vacib ehtiyata əsasən, namazını bitirməli və yenidən qılmalıdır. Əgər namazdan sonra başa düşərsə, namazı düzgündür.” (“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 798; “Tozihul-məsail”, Ayətullah Behcət, məsələ 665.) Ayətullah Təbrizi: Əgər namaz əsnasında başa düşərsə, namazı batildir. Amma namazdan sonra başa düşərsə, namazı düzgündür. (“Tozihul-məsaile mərace”, məsələ 792.)   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!