Maide.az

Ət, süd və yağın da qiyməti qalxacaq

  Növbəti mərhələdə bu məhsulların gömrük rüsumunun artırılması planlaşdırılır   Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirməsi ölkədə iqtisadi durumu daha da ağırlaşdıracaq. Xatırladaq ki, bu siyahıya ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir.   Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0.7 dollardan az olmamaqla, gömrük idxal rüsumu alınacaq.     Daha öncə bu məhsullara gömrük dəyərinin 15% faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.   Əldə etdiyimiz məlumata görə, oxşar addım digər məhsullarla da bağlı atılacaq. Hökumətin bu addımı tədricən atması kütləvi aciotacın yaranmamasına hesablanıb. Ölkəyə idxal olunan ət, süd, bitki yağları və şəkər tozuna tətbiq olunan gömrük rüsumu da artırılacaq. Hökumət bu addımı tədricən atması kütləvi bahalaşmanın baş verməməsi üçündür. Amma hər bir halda ölkəyə idxal olunan mallara gömrük rüsumunun artırılması bahalaşmanı qaçılmaz edir.   Əslində bu addımlar dövlət başçısının 2015-ci il noyabrın 5-də Nazirlər Kabinetinin genişləndirilmiş iclasında dediyi fikirlərin reallıqdan kənar olduğunu ortaya qoyur. Həmin toplantıda dövlət başçısı bəyan etmişdi ki, Azərbaycan bəzi məhsullar üzrə tələbpatanı 90-95, bəziləri üzrə isə 100 faiz ödəyir. Amma hazırkı mənzərə bu fikirlərin reallıqdan kənar olduğunu göstərir.   İqtisadçı Qubad İbadoğlu bildirib ki, 2017-ci ilin büdcəsinin mədaxil hissəsinin artımının formalaşmasında ən böyük məsuliyyət Dövlət Gömrük Komitəsi (DGK) üzərində olacaq. Çünki qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların artırılmasının əsas yükü bu Komitənin üzərinə qoyulub. Gömrük intizamının artırılmasının və gömrük tarifi daha az pilləli sistemə keçidinin təminatı üzərində qurulan , eləcə də devalvasiyanın təsiri ilə “şişən” ödənişlər hesabına DGK-nın planı gələn il bu ilin proqnoz göstəriciisi ilə müqayisədə 390 milyon manat və ya 21,5 faiz artırılıb: «DGK-nın yeni il üçün proqnoz öhdəlikləri 2015-ci ilin faktikii göstəricisindən 608,1 milyon manat və 38, 2 faiz çoxdur.  Gələn il əsasən idxala əlavə dəyər vergisi və gömrük rüsumları hesabına formalaşacaq artıma görə DGK-dan daxilolmalar qeyri-neft büdcə gəlirlərinin 27,2 faizini, cəmi büdcə gəlirlərinin 13,8 faizini, ÜDM-in isə 3,5 faizini təşkil edəcək». Q.İbadoğlunun sözlərinə görə, DGK yalnız idxala ƏDV üzrə büdcəyə 1,64 milyard manat, gömrük rüsumlarına görə 454 milyon manat, aksizlərə görə 90 milyon manat və yol vergisinə görə 17 milyon manat ödəməlidir: «DGK-nın bu ödənişləri ilkin olaraq sahibkarların xərclərində, son nəticədə isə istahlak qiymətlərində maddiləşəcək və onun əziyyətini də eyni məhsullara əvvəlkindən daha çox pul xərcəmək məcburiyyətində qalan istehlakçılar çəkəcək». (azadliq.info) /