Maide.az

“Hökumət iqtisadiyyatın “xəstə” olduğunu etiraf etməlidir”

“Azərbaycanda əhalinin müflisləşməsi, gəlirlərin azalması daha da sürətlənəcək”   Azərbaycanın 2015-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 90 dollar həcmində  müəyyənləşib.  Hazırda dünya bazarlarında 1 barel neftin qiyməti 40 dollardır. Bunu nəzərə alan hökumət 2016-cı ilin dövlət büdcəsini təsdiq edərkən neftin 1 barelinin qiymətini 50 dollardan hesabladı. Fevral devalvasiyasının fəsadları genişlənməkdə, neftin qiyməti də ucuzlaşmaqda davam edir. Azərbaycanda isə hələ də böhran əleyhinə plan hazırlanmır...   İqtisadçı Natiq Cəfərli Modern.az saytına deyib ki, böhran əleyhinə plan bu gün yox, hələ hadisələr bu həddə çatmazdan əvvəl hazırlanmalı idi:   “Ekspertlər, mütəxəssislər böhran əleyhinə planın hazırlanması təklifini irəli sürürdülər. Rusiya ilə bizim sistemlərimiz aşağı-yuxarı eynidir. Rusiyada artıq bir ildən çoxdur müxtəlif nazirliklər 4-dən çox böhrandan çıxış planı hazırlayıblar. Bu plan mütəxəssislər arasında və cəmiyyətdə müzakirə olunub. Hətta baş nazir və prezidentin iştirakı ilə təşkil edilən müzakirələrdə insanlar açıq-aşkar öz fikirlərini deyiblər. Bu hələ Rusiyadır, demək olmaz ki, orada ideal sistem var.   Amma Azərbaycanda heç bu da yoxdur. Bir nazirliyin, dövlət qurumunun, hökumətin özünün bircə böhran planı yoxdur ki, onu müzakirəyə çıxartsın, mütəxəssislərin bəzi düzəlişləri ilə həyata keçirilməsi təmin edilsin”.   Ekspert bildirir ki, ölkədəki vəziyyət yaxşı deyil: “Televiziyalarda, radiolarda, kütləvi informasiya vasitələrində Azərbaycanda hər şeyin yaxşı olduğunu bizə mesaj verirlər. Amma hər şey yaxşı deyil və iqtisadiyyatda yaranan ciddi problemlər yaxın aylarda çox kəskin hiss olunacaq, əhalinin müflisləşməsi, gəlirlərin azalması, iş yerlərinin bağlanması prosesi daha da sürətlənəcək. Amma o zaman bəzi addımların atılması gec olacaq. Çünki önləyici tədbirlərin olması çox vacibdir. Böhran əleyhinə plan olsaydı, bir il bundan qabaq addımlar atılsaydı, müəyyən irəliləyişlərə nail olmaq mümkün idi. İndi başlanılsa, bir neçə ay çəkəcək. Bu isə Azərbaycan iqtisadiyyatı üçün böyük bir zamandır. Hər həftə, hər ay iqtisadi proseslərin pisləşməyə doğru getməsi sürəti artır”.   Natiq Cəfərli neftin 1 barelinin 40 dollardan da aşağı düşəcəyi təqdirdə manatın devalvasiyasının qaçılmazlığını istisna etmir: “Bütün parametrlər neftin qiymətinin aşağı düşməsi üçün əsasdır. Neftin qiymətinin hətta 30 dollara qədər düşmə ehtimalı var. Söhbət onda deyil ki, qiymət düşür. Söhbət ondadır ki, dünyada neftə olan baxış strategiyası dəyişir. Yeni texnologiyalar, yeni dünya düzəni formalaşır. Azərbaycan hökuməti isə bunu anlamaq istəmir. Onu da deyim ki, neftin qiymətinin 40 dollardan da aşağı düşməsi ilk növbədə manata, bank sektoruna, sonradan isə bütün real sektora, iş yerlərinin qapadılmasına, ticarət dövriyyəsinə öz zərbəsini vuracaq. Manatın devalvasiyasının sürətini hər gün artıracaq”.   Onun fikrincə, real vəziyyəti müvafiq qurumlar gizlədirlər: “Bu gün problemlər gizlədilir, müvafiq qurumlar tərəfindən jurnalistlərə, əhaliyə səhv məlumatlar verilir, statistik məlumatlar şişirdilir, həqiqəti gizlədib hər şeyi yaxşı göstərməyə çalışırlar.   İqtisadiyyatda olan hər hansı “xəstəlik”in təsbit olunması üçün onun düzgün “diaqnoz”a ehtiyacı var. “Diaqnoz” düzgün qoyulmasa onun “müalicəsi” də aparıla bilməz. Azərbaycan hökuməti və məmurlar isə iqtisadiyyatın “xəstə” olduğunu etiraf etməlidirlər. Bundan sonra mütəxəssislərin rəyindən istifadə edərək problemin həllinə çalışmalıdırlar. “Diaqnoz” qoyulduqdan sonra iqtisadiyyat “müalicə” mərhələsinə qədəm qoymalıdır. Nə qədər ki, bunu gizlədəcəklər uzadacaqlar, iqtisadiyyatın sağlamlaşdırılması da bir o qədər mürəkkəbləşəcək. Bütün bunlar isə əhaliyə ciddi mənfi təsirini göstərəcək”/