Maide.az

6 illik fasilədən sonra İran Xəzəryanı ölkələrlə neft mübadiləsinə başlayacaq

İran tezliklə Xəzəryanı ölkələrlə neft (swap) mübadiləsinə başlayacaq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şimal bölgəsi üzrə neft terminallarının sədri Həmidrza Şahdust deyib.   Onun sözlərinə görə, İran Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanla neft (swap) mübadiləsi etməyə hazırlaşır: “Hazırda Xəzəryanı ölkələrin neft tankerlərinin sahilə yan alması üçün lazımi hazırlıq işləri görülür və tezliklə neft mübadiləsinə başlanılacaq”. O deyib ki, Azərbaycan, Rusiya və Türkmənistanla neft mübadiləsinə dair müzakirələr aparılıb, lakin Qazaxıstanla danışıqlarda razılıq əldə olunub: “Neft mübadiləsi İran üçün gəlir gətirir, həm də siyasi əhəmiyyətə malikdir. Neft mübadiləsi ilə həm şimal qonşularımızın xam nefti İran vasitəsi ilə cənubda təhvil verilir, həm də İranın şimal bölgəsinin neftə olan ehtiyacları təmin olunur.” H.Şahdust bildirib ki, hazırda neft mübadiləsi üçün 3 yanalma körpüsü hazırlanıb. “Kompleks plana əsasən, bu yanalma körpülərin sayı 17-yə çatdırılmalıdır. Bu zaman neft mübadiləsinin həcmi 120 min bareldən 1,5 milyon barelə kimi artacaq”, - deyə o vurğulayıb. Qeyd edək ki, İranın Xəzəryanı ölkələrlə neft mübadiləsi 2010-cu ildə dayandırılıb. /