Maide.az

47 ABŞ senatorunu həbs gözləyir

ABŞ-da İranlı liderlərə açıq məktub göndərən 47 Respublikaçı senatorun vətən xainliyi ilə mühakimə olunması tələbilə imza kampaniyası başladılıb.   Maide.az xəbər verir ki, bununla əlaqədar Ağ Evin internet səhifəsində petisiya qaldırılıb. Saytda dərc olunan imzaların sayı 30 gündə 100 mini keçsə Ağ Ev bu barədə açıqlama verir. Amma senatorlarla bağlı ərizə imzalayanların sayı 2 gündə 190 minə çatıb.   Petisiyada, "9 mart 2015-ci ildə 47 ABŞ senatoru, səlahiyyəti olmayan vətəndaşların xarici hökumətlərlə müzakirə etməsini qadağan edən 1799-cu il tarixli Logan Qanununu pozaraq, vətən xainliyi cinayəti törədib. Logan Aktının pozulması ağır bir cinayətdir, federal qanunlar altında 3 ilə qədər həbs cəzasını tələb edir" ifadəsi yer alıb.   ABŞ hökumətinin İran hökumətilə mümkün nüvə razılaşmasını əldə etməyə yaxın olduğu bir vaxtda 47 senatorun belə məktub yazmasının "federal qanunların açıqca pozulması" olduğu bildirilən ərizədə, "Bu 47 senator, ölkəmizin altını qazmaq təşəbbüsü ilə vətənə xainlik edib" deyilir.   Qeyd edək ki, ABŞ-da 47 Respublikaçı senator İranlı liderlərə xitabən açıq məktub yazaraq, Konqres təsdiq etmədiyi müddətdə Amerika rəhbərliyi ilə əldə edilən nüvə müqaviləsinin ömrünün, prezident Barak Obamanın hakimiyyəti ilə məhdud qalacağı xəbərdarlığı etmişdi.