Maide.az

2018-ci il dünya çempionatının növbəti seçmə oyunlarına start veriləcək

Hollandiya yığması yeni baş məşqçinin rəhbərliyi altında cari seçmə tsikldə ilk oyuna çıxacaq   Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə VI tura start veriləcək.    Maide.Az “Report"a istinadən xəbər verir ki, ilk oyun günündə 3 qrupda 9 görüş baş tutacaq.   A qrupunda ilk 2 yerin sahibləri Fransa və İsveç yığmaları üz-üzə gələcəklər. Fransa qalib gəlsə, qrup lideri kimi Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək.  Cari seçmə tsikldə Dik Advokatın rəhbərliyi altında ilk rəsmi oyununa çıxacaq Hollandiya millisi autsayder Lüksemburqu qəbul edəcəksə, qrupun daha bir zəif komandası Belarus Bolqarıstanı sınağa çəkəcək.   B qrupunun iddialı komandaları səfərdə zəiflərə qarşı oynayacaqlar. İtkisiz irəliləyən İsveçrə Farer adalarının, son Avropa çempionu Portuqaliya Latviyanın, Macarıstan isə Andorranın qonağı olacaq.     H qrupunda yer alan Bosniya və Herseqovina ilə Yunanıstanın dueli də maraqla gözlənilir. Bu görüşdə heç-heçə qeydə alınsa, lider Belçika səfərdə Estoniyaya qalib gələrək, ən yaxın izləyicisi ilə xal fərqini 4-ə çatdıra bilər. Xalı olmayan Cəbəllütariq isə Kipri qəbul edəcək.    Qeyd edək ki, C qrupunda yer alan Azərbaycan yığması iyunun 10-da Şimali İrlandiya millisini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. /   2018-ci il dünya çempionatının seçmə mərhələsi Avropa zonası 9 iyun VI tur A qrupu 22:45. Belarus – Bolqarıstan 22:45. Hollandiya – Lüksemburq 22:45. İsveç - Fransa   B qrupu 22:45. Andorra – Macarıstan 22:45. Latviya – Portuqaliya 22:45. Farer adaları – İsveçrə   H qrupu 22:45. Bosniya və Herseqovina – Yunanıstan 22:45. Estoniya – Belçika 22:45. Cəbəllütariq - Kipr