Maide.az

`125 milyard dollar necə talan edilib?`

Azadliq.info saytında «125 milyard dollar necə talan edilib?» sualına cavab axtarılır.   Yazıda iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib. İqtisadçı israfçılıqdan bəhs edir: "Son 15 ildə yalnız neft-qaz satışından əldə etdiyimiz gəlirlər 160 milyard dollardan çoxdur. Onun da 130 milyardı bu illər ərzində Dövlət Neft Fondunda toplanıb. Amma həmin vəsaitin artıq 95 milyarda qədəri xərclənib. Yerdə qalan 30 milyard dollardan çox vəsait isə Dövlət Neft Şirkəti və Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən dövlət büdcəsinə ödənilib. Beləliklə də, bu günə qədər bütün mənbələrdən əldə edilən 160 milyard dollardan çox neft-qaz gəlirlərindən qalan 36 milyard dollardır. Yerdə qalan 125 milyard dolların xeyli hissəsi isə son 10 ildə əsasən qeyri-kommersiya xarakterli, mənfəətsiz nəqliyyat və sosial-mədəni, idman təyinatlı infrastrukturun formalaşmasına xərclənib".   Q.İbadoğlu bildirir ki, hətta zəngin ölkələr də bədxərclik edəndə yoxsullaşır. İndi Azərbaycan da belə bədxərcliyin ziyanını çəkir: "Qəbələdə icra hakimiyyətinin binası Bakıdakı Prezident Aparatından geri qalmır. Yaxud 22-mərtəbəli ofis binası olan Dövlət Neft Fondunda hər mərtəbəyə 3 nəfər ştatlı işçi düşür. Hər rayon mərkəzində müasir görünüşlü, kabinetləri isə bahalı mebellərlə bəzənən və son nəsil texniki avadanlıqlarla təchiz olunmuş ən azı 15 yeni inzibati binaya rast gəlmək mümkündür. Onların hər birinin tikintisi və komplektləşdirilməsinə orta hesabla ovaxtkı məzənnə ilə 12 milyon dollar xərclənib. Məlum olur ki, bu məqsədlərə 2 milyard dollara qədər vəsait xərclənib...". /