Yeni ilin əvvəli ilə müqayisədə bazarda bahalaşma var

Yeni ilin əvvəli ilə müqayisədə bazarda bahalaşma var

Bakıda son günlər meyvə-tərəvəzin qiymətində artım müşahidə edilir. Yeni il ərəfəsində qiymətlərdə bir qədər enmə müşahidə edilsə də, hazırda fərqli qiymətlər müşahidə olunur. Onu da bildirək ki, Bakıda Yeni il ərəfəsində  “Kənddən-şəhərə” adlı bu yarmarkalar fəaliyyət göstərirdi. Ən aşağı qiymətli məhsullara bu yarmarkada rast gəlmək olurdu. Satıcılar bildirirdilər ki, yer üçün pul vermədiklərinə görə qiymətlər belə ucuzdur.
 
Yarmarkada almanın kiloqramı  1 manat, armud 1 manat 50 qəpik, saf nar 1 manat 70 qəpikdir. Kartofun kiloqramı 55 qəpik - 1 manat, soğan - 45-50 qəpik, kələm - 35-40 qəpikdir. Xiyarın qiyməti 1-2 manat 50 qəpik, pomidor isə 1 manat 70 qəpik, ananasın 1 ədədi 4 manat,  mandarin 1 manat 50 qəpik idi.
 
Bəs hazırda iri supermarketdə qiymətlər necədir?
 
“Yeni Müsavat”ın əməkdaşı olaraq mağazalardakı qiymətlərlə maraqlandıq. Satıcılar da təsdiqlədilər ki, bəzi məhsulların qiymətində artım var. 
 
Belə ki, hazırda mağazalarda narın  kiloqramı 2 manat 80 qəpiklə 3 manat  50 qəpik arasında dəyişir. İki cür mandarin satılır-yerli və Türkiyə  məhsulu olan mandarin. Yerli məhsullar 1 manat 50 qəpik - 2 manata, Türkiyədən gətirilənlərin kiloqramı isə 2 manat 50 qəpikdir. Bananın kiloqramı 2 manat 35 qəpiyə, portağalın kiloqramı 1 manat 80 qəpiyə satılır. Alma növündən asılı olaraq 2 manat və 2 manat 50 qəpiyədir.  Armud isə 3 manat 65 qəpikdir. Ananasın bir ədədi 6 manat 55 qəpikdir. Qreyfurt 2 manat 99 qəpik, kivi 2 manat 39 qəpik, üzüm isə 2 manat 75 qəpikdir. Bibərin kiloqramı 3 manat 55 qəpiyə, badımcan 2 manata, kartof 70-80 qəpiyə satılır.
 
Ekspertlər bildirirlər ki, mövsümü olmayan bir çox meyvələrin qiymətində bundan sonra da artım gözlənilir.
 
Onu da qeyd edək ki, 2019-cu ildə Azərbaycana 194 390,63 min ABŞ dolları dəyərində 345 741,45 ton meyvə-tərəvəz idxal edilib.
 
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, ötən il ərzində Azərbaycanın idxal etdiyi meyvə-tərəvəzin dəyəri 2018-ci illə müqayisədə 18,1%, həcmi isə 14,1% artıb.
 
Qeyd edək ki, 2019-cu ildə meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 1,42%-nə bərabər olub.
 
Hesabat ilində Azərbaycan xarici ölkələrə 605 815,86 min dolları dəyərində 628 509,58 ton meyvə-tərəvəz ixrac edib. Bu göstəricilər əvvəlki ilə nisbətən müvafiq olaraq 8,2% və 1,2% azalıb.
 
Virtualaz.org qonşu ölkələrdə bahalaşma və ixracın məhdudlaşdırılmasının Azərbaycan bazarına təsirini araşdırıb. Bəlli olub ki, ötən il xüsusilə kartof istehsalında rekord göstərici əldə edilib, Azərbaycan yerli istehsalla daxili tələbatı ödəyə bilər. Üstəlik, Bakının topdansatış mərkəzlərində, bazarlarda qiymət artımı üçün səbəb yoxdur, baxmayaraq ki, bayramərəfəsi hər iki məhsulun qiymətində cüzi artım müşahidə edilirdi. Hazırda kiloqramı 60-80 qəpiyə satılan soğan istehsalçıdan 15-18,  kartof isə maksimum 45-50 qəpiyə alınır.
 
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ötən il ilk dəfə olaraq 1 milyon ton kartof istehsal edilib. Bu isə 2018-ci ilin göstəricisindən 11,7 faiz çoxdur.
 
Cəlilabadlı fermerlərin 80 faizi kartof əkib. Kəndli-fermer  Ağa Məmmədov bildirib ki, ötən il 35 hektar sahədə kartof əkib və  hər hektara təxminən 6 min manat xərcləyib. “Kartofun bir kiloqramı əkindən tutmuş, işçi və dərmanlara qədər bütün xərcləri çıxmaqla, 16-18 qəpiyə başa gəldi. Doğrudur, ötən il Rusiya bazarına məhsul çıxarmaq nisbətən çətin oldu, fermerlərin əksəriyyəti əziyyət çəkdi. Amma məsələn, mən daxili bazarda alıcı tapdım, kiloqramını 30-35 qəpikdən sata bildim. Həm mayanı çıxardım, həm qazancım oldu”, - fermer belə deyib. Fermerin sözlərinə görə, hazırda rayon bazarında yerli kartof 40 qəpikdən satılır.
 
Gədəbəyli fermer isə bildirib ki, Türkiyənin kartof, soğan satışına məhdudiyyətlər tətbiq etməsi onların xeyrinədir. Çünki hava şəraiti əlverişli olduğundan məhsuldarlıq yüksək olur, alıcı tapmaqda çətinlik çəkməzlər.
 
Bərdəli fermer isə deyib ki, ötən il soğanın məhsuldarlığı yüksək olub, hər hektardan 50-70 kilo soğan yığıb.  Hazırda Bakı bazarlarında kilosu 60 qəpiyə satılan soğan fermerlərdən 10-15 qəpiyə alınıb. “Bildiyim qədər xaricdən soğan gətirilmir, əksinə Azərbaycan soğan satır. Xarici ölkələr satışa məhdudiyyət qoysalar da, yerli istehsalla təlabatı ödəmək mümkündür. Hazırda yerli bazarlarda bahalaşma gözlənilmir, çünki məhsul boldur, hələ bundan sonra cücərməyə başlayacaq, anbarlara veriləcək”.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə bildirib ki, daxili bazarda tələbat yarandırda ixraca ehtiyac qalmır. Hazırda ölkəmizdə kartof, soğan qıtlığı və bahalaşma ilə bağlı narahatlıq yoxdur, çünki istehsal kifayət qədərdir: “Azərbaycan bir neçə ölkəyə soğan satır, artıq quru soğanın ixrac ənənəsi formalaşır. Sifarişçilər arasında təkcə Türkiyə, Rusiya deyil, Avropa ölkələri də var”.

Google+ WhatsApp ok.ru