Həzrət Musa (ə) və onun Cənnətdəki həmnişini

Bir gün Həzrə Musa (ə) münacat edərkən Allah-Taaladan istəyir ki, onun Cənnətdəki yoldaşı və həmnişinini tanıtdırsın. Xitab olunur: “Musa! Həmin şəxsi fılan məntəqədə qəssablıqla məşğuldur. O, gənc bir oğlandır və Cənnətdə səninlə həmnişin olacaq.”

Həzrət Musa (ə) onun sorağına gedir və uzaqdan onun nə işlə məşğul olacağını və hansı layiqli əməllər yerinə yetirəcəyini izləməyə başlayır. Amma onda nəsə qeyri-adilik görmür. Həmin şəxs axşama yaxın işdən çıxdıqda, Həzrət Musa (ə) özünü tanıtdırmadan ona yaxınlaşıb xahiş edir ki, onu bir gecə qonaq saxlasın. Həzrət Musa (ə) bu minvalla onu yaxından tanımaq, Allahın peyğəmbəri ilə həmnişinliyinə səbəb hansı işlər və ibadətlərlə məşğul olacağını öyrənmək istəyirdi.

Gənc oğlan qəbul edir və evə daxil olub, öncə yemək hazırlayır, sonra əl-ayağı iflic qoca anasının sorağına gedir. Səbir və hövsələ ilə anasına yemək verir, libasını dəyişdirir və üst-başını təmizləyir.

Həzrət Musa (ə) onunla vidalaşarkən soruşur: “Sənin xidmət etdiyin bu qadın kimdir? Sən ona yemək yedizdirdikdən sonra, başını göyə qaldırıb nəsə deyirdi.”

Gənc oğlan deyir: “Mənim anamdır. Hər dəfə ona yemək yedizdirəndə, məni dua edib deyir:

غفرالله لک و جعلک جلیس موسی یوم القیامة فی قبّته و درجته

“Allah səni bağışlasın  və səni Qiyamət günü İmran oğlu Musa ilə eyni mənzil və məqamda qərar versin!”

Həzrət Musa (ə) gənc oğlanı müjdələyib deyir: “Ananın duası qəbul olundu! İmran oğlu Musa mənəm!” (“Pənde-tarix”, səh.69.)

Bəli, Allahın Öz bəndələrinə hədiyyə etdiyi ilahi nemətlərin ən üstünü valideyn və məxsusən anadır! Allah-Taala anaya xidmət və ehtiram sayəsində Öz bəndələrinə xüsusi bərəkətini nazil edir və hətta Cənnətdə peyğəmbərlərlə həmnişin edir!

Nəql olunur ki, bir gənc oğlan müharibədə iştirak etmək üçün Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gələrkən, Həzrət ondan soruşur:

«ألک والدة؟»، قال: «نعم»، قال: فَالْزَمْهَا فَإِنَّ الْجَنَّةَ تَحْتَ قدمها

 “Anan varmı?” Gənc oğlan “Bəli!” – deyə cavab verdikdə, Həzrət buyurur: “Onda ona xidmət et ki, həqiqətən, Cənnət anaların ayaqları altındadır.” (“Camius-səadat”, Məhəmmədmehdi Nəraqi, 2-ci cild, səh.276.)

Maide.az – Maarif bölümü