Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:
SUAL 55: “Fitrə zəkatı”nda “fitrə” sözünün mənası, onu ödəməyin fəlsəfə və faydaları nədir?
Lüğətdə “fitrə” sözünün bir neçə mənası vardır və ən mühümü “İslam” və “xilqət” mənalarıdır. Terminoloji məna bundan ibarətdir: Fitrə dedikdə hər bir müsəlmanın öz himayəsində olan şəxs üçün ödədiyi müəyyən zəkat nəzərdə tutulur. Fitrə zəkatının verilmə vaxtı mübarək Ramazan ayının sonuncu günün məğrib vaxtından fitr bayramının günorta çağına qədərdir. Bu növ maddi ödəniş insanın ruhu və cisminin sağlamlığına səbəb olduğundan, ona “bədən zəkatı” və ya “fitrə” deyilir. Onun İslam mənası ilə uyğunluq səbəbinə gəldikdə isə, fitrə zəkatı İslamın tələbidir. Elə buna görə də “Fitr” bayramı axşamı qürub vaxtından qabaq İslam dinini qəbul edən şəxs də “fitrə zəkatı” ödəməlidir.
“Fitrə zəkatı” şiə və sünnilərin yekdil nəzərinə əsasən vacibdir. Dini mətnlərdə fitrə zəkatının bir çox fəlsəfə və faydaları sadalanmışdır:
1. İslam Peyğəmbəri həzrət Muhəmmədə (s) salavat göndərmək namazı tamamladığı kimi, fitrə zəkatı da orucu tamamlayır;[1]
2. Mübarək Ramazan ayının orucunun qəbul olmasına səbəb olur;[2]
3. Həmin il insanı ölümdən qoruyur;[3]
4. Bədənin sağlamlığını və insanın ruhunu çirkinlikdən qoruyur;[4]
5. Malın zəkatını kamilləşdirir.[5]
[1] “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, “Fitrə” bölümü, səh.183.
[2] Yenə orada.
[3] “Kafi”, 4-cü cild, “Fitrə” bölümü, səh.174.
[4] “Əl-mustədrək”, 7-ci cild, “Fitrə zəkatı”, bölümü, səh.137.
[5] “Vəsailuş-şiə”, 9-u cild,”Fitrə zəkatı” bölümü, səh.318.