Sürücülərə xoş xəbər: Bu yerlərdə ‘durmaq’ olacaq

Sürücülərə xoş xəbər: Bu yerlərdə ‘durmaq’ olacaq

Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarına riayət etməyən sürücülərin kamera vasitəsilə aşkar edilməsinə başladığı gündən bu, sürücülərin kəskin etirazına səbəb olub.
 
Hətta nəqliyyat ekspertləri də təklif edib ki, BNA dayanma-durma qaydalarını pozanları cərimələməkdənsə, əvvəlcə sürücülər üçün xüsusi parklanma yerləri müəyyən etməlidir.
 
Maraqlıdır, sürücülərin etirazına və nəqliyyat ekspertlərinin təklifinə Agentliyin münasibəti necədir?
 
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının olduğu küçə və prospektlərə elə də uzaq olmayan məsafədə kifayət qədər parklanma yerləri mövcuddur.
 
M.Ağayevin sözlərinə görə, hər küçədə mütləq şəkildə parklanma yeri və ya taksi duracaqlarının təşkil edilməsi barədə öhdəlik yoxdur:
 
“Onu da bildirim ki, kameraların işə salındığı bir həftə ərzində artıq bir sıra küçələrdə nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb. Bunu nəzərə alaraq paytaxtın bəzi küçə və prospektlərində dayanma və durma nişanlarında dəyişiklik edilməsi planlaşdırılır.
 
Yəni paytaxt nəqliyyatında sıxlığın az müşahidə edildiyi ərazilərdə dayanma və durma nişanı götürülərək, "durmaq qadağandır" nişanı ilə əvəz olunacaq. Beləliklə, sürücülərə həmin yerlərdə sərnişin düşürüb-mindirmək imkanı veriləcək”.
 
Yaxın günlərdə daha hansı ərazilərdə müşahidə-nəzarət kameralarının quraşdırılacağına da aydınlıq gətirən M.Ağayev bildirib ki, əvvəlcə sıxlıq daha çox olan ərazilərdə iş aparılır:
 
“İlk növbədə hərəkətin xaotik olduğu, dayanma və durma qaydalarının pozulması hallarının daha çox müşahidə olunduğu ərazilərdə kameralar quraşdırılacaq. Buna misal olaraq elə 20 Yanvar dairəsini, metronun “Koroğlu” stansiyasının ətrafını göstərə bilərəm. Yaxın günlərdə sözügedən ərazilərə kameralar quraşdırılacaq”.

Google+ WhatsApp ok.ru