İslami yaşam təfəkkürünün yenilənməsi-1

İslami yaşam təfəkkürünün yenilənməsi-1

Qurani-Kərimdə insanlar iki qrupa bölünürlər:

1. Diri;

2. Ölü.

Sonra əlavə edilir ki, bu Quran dirilik əlaməti olan şəxslərə təsir edir:

وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنبَغِي لَهُ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُّبِينٌ. لِيُنذِرَ مَن كَانَ حَيًّا

«Biz Ona (Peyğəmbərə) şeir öyrətmədik və bu ona heç yaraşmaz da. Onun oxuduğu yalnız bir öyüd-nəsihət, aşkar və aydınlıq gətirən Qurandır ki, qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun...» («Yasin», 69-70.)

Qurani-Kərimdə ölmək deyildikdə, fitrət nurunun sönməsi nəzərdə tutulur. Hər insan Allah tərəfindən verilən fitrətlə dünyaya gəlir. Məsələn, həqiqət axtarışı, haqtələblik və araşdırmağa meyilli fitrət ilə. Bu fitrət nuru söndüyü zaman insan zahirdə diri görünsə belə, batində ölü bir varlığa çevirilmişdir.

Zahiri və batini diri insanlar müxtəlif bitkilər çıxmağa hazır olan torpaq sahələri, bağ və bostanlara bənzəyirlər ki, Quran həmin insanların ruhuna səpildiyi zaman gül-çiçək açmağa başlayır:

أَوَمَنْ كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَنْ مَثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِنْهَا

«Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət edib, diriltmək) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! («Ənam», 122.)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ

«Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin...» («Ənfal», 24.)

İslam və onun təlimləri dirilik mənbəyidir. Həyat və dirilik, yəni «bilik» və «bacarıq» mənasında olan «baxış». Bilik və bacarıq qabiliyyəti artdıqca, həyat və dirilik də bir o qədər çoxalır. Allah-Taala mütləq «Alim» və «Qadir» olduğu üçün Onu mütləq «Diri» varlıq adlandırırıq. İslam dini «bilik» və «bacarıq» əsasında köklənən və əsrlər boyu bunu praktik olaraq həyata keçirən dirilik proqramıdır. Bu əsasla nəticəsi «bilik» və «qüdrət» olmayan düşüncə tərzi İslam dininə aid deyil. İslam həyat dinidir, həyat isə məlumatsızlıq, bacarıqsızlıq və acizliklə uyğun gəlmir. Bu İslamı tanımaq üçün ümumi bir müqayisədir. («Haqq və batil», Mürtəza Mütəhhəri, səh.116-119.)

İslam həyatın bütün sahələrində həyat bəxş edən və dirildən təlimlərlə zəngindir. Yəni bu təlimlər insanın canında qərarlaşarsa, insana ruh, həyat, baxış tərzi və təkan verir. Buna görə, həyat və dirilik təsiri olmayan, əksinə ölülük və süküt yaradan, insanı çalışma və hərəkətdən saxlayan, onu məyus edən hər bir təlim İslam dinindən hesab edilmir və yuxarıda qeyd etdiyimiz Quran müqayisəsi ilə uyğun gəlmir. Quran açıq-aşkar İslam təlimlərinin həyatbəxş olduğunu iddia edir («Ənfal», 24). İslam tarixi də neçə əsrlər bu təlimlərin həyatbəxş olmasını göstərmişdir.

Bu gün biz İslam dinində məxsus məna və məfhumlarda belə bir dirilik və yaşam yaratma xasiyyəti görmürük. Buna görə də, bu məna və məfhumlara baxış tərzimizi yeniləməliyik. Bu məna və məfhumlar barədə təsəvvürümüz yanlış ola bilər. Bu baxımdan təsəvvürümüzü düzəltməliyik. «İslam təfəkkürünün canlanma və dirçəlməsi» deyəndə, bu nəzərdə tutulur. Yəni biz İslam dininə qarşı baxış və düşüncə tərzimizi islah etməliyik. Gözümüzə taxdığımız və İslam dininə baxdığımız düzgün eynək deyil. Deməli, eynək və baxış bucağımızı düzəltməliyik. («Haqq və batil», Mürtəza Mütəhhəri, səh.135-136.)

Əlbəttə, canlanma və dirçəltməkdə məqsəd İslam «təfəkkürünün» oyanışıdır. İslam düşüncəsi özünə görə həm diri, həm dirildəndir və oyanışa ehtiyacı yoxdur. Ancaq başqalarına aid olan İslam düşüncəsi və müsəlmanların arasında yayılan İslam təfəkkürü təhrifə məruz qaldığı və həyatbəxş olmadığı üçün «İslami təfəkkürünün dirçəlişi»nə ehtiyac var.

Şəhid Mütəhhərinin düşüncəsinə görə, «İslam təfəkkürünün dirçəlməsindən» də daha dəqiq ifadə «İslami yaşam təfəkkürünün yenilənməsi»dir (İslami renessans). Bu mətləb dini mətnlərdə «Sünnənin dirçəlməsi və bidətin öldürülməsi» adı ilə işlənmişdir. İmam Əli (ə) xalis dost və səhabələri barədə belə buyurur:

...احیوا السنه و اماتوا البدعه...

«İlahi sünnələri diriltdilər və bidətləri nabud etdilər...» («Nəhcül-bəlağə», 182-ci xütbə.)

(Bu məqalə İslamşünas filosof Şəhid Mürtəza Mütəhhərinin düşüncələri əsasında hazırlanmışdır.)

Ardı var...

Musa Hüseynli (Maide.az)

 

Google+ WhatsApp ok.ru