PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) KƏLAMINDA UZUN-UZADI ARZULAR

PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) KƏLAMINDA UZUN-UZADI ARZULAR

Allah-Taala Qurani-Kərimin “İsra” surəsinin 15-ci ayəsində buyurur:

ما کُنَّا مُعَذِّبينَ حَتَّي نَبْعَثَ رَسُولاً

“...Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”

Peyğəmbərlərin vəzifəsi bəndələri əməllərinin nəticəsi olaraq ilahi savabla müjdələmək və ilahi əzabla qorxutmaqdır. Bu mətləbi nəzərə alaraq Peyğəmbəri-Əkrəm (s) ümmətinə nəsihətlərinin birində belə buyurur:

أَلَا إِنَّ أَخْوَفَ مَا أَخَافُ عَلَيْكُمْ خَلَّتَانِ‏؛ اتِّبَاعُ‏ الْهَوى‏، وَ طُولُ‏ الْأَمَلِ‏؛ أَمَّا اتِّبَاعُ الْهَوى‏ فَيَصُدُّ عَنِ الْحَقِّ، وَ أَمَّا طُولُ الْأَمَلِ فَيُنْسِي الْآخِرَة

“Agah olun, sizinlə bağlı iki xislətdən daha çox nigaranam: 1. nəfsi istəklərə uymaq; 2. uzun-uzadı arzulara qapılmaq. Nəfsi istəklərə uymaq haqqın dərkinə mane olur. Uzun-uzadı arzulara qapılmaq isə axirəti unutdurur.” (“Kutubi-ərbəə – Kafi”, ərəbcə, 15-ci cild, səh.152.)

Həyatda bir şeyin gerçəkləşməsini istəmək “arzu” adlanır. Arzu iki tərəfli ülgücü xatırlayır və öz-özlüyündə pis bir şey deyil, hətta xeyir-bərəkət mənbəyi ola bilər. Bu şərtlə ki, müsbət xarakterli olsun. Bu baxımdan, məsum rəhbərlərin bır sıra rəvayətlərində “arzu” barəsində gözəl ifadələr gözə dəyir. Peyğəmbəri-Əkrəm (s) nurani bir kəlamda buyurur:

الْأَمَلُ رَحْمَةٌ لِأُمَّتِی وَ لَوْ لَا الْأَمَلُ مَا رَضَعَتْ وَالِدَةٌ وَلَدَهَا وَ لَا غَرَسَ غَارِسٌ شَجَرا

“Arzu mənim ümmətim üçün bir rəhmətdir. Əgər arzu olmasaydı, heç bir ana övladına süd verməz və heç bir bağban ağac əkməzdi.” (“Biharul-ənvar”, 7-ci cild, səh.173.)

Mənfi və bəyənilməyən arzu, əsasən, zehni, məntiqdən kənar və əldə olunması mümkünsüz olan bağlılıqlara aid edilir. Arzu-istək həddi aşdıqda və uzun-uzadı hala düşdükdə, insanı inhiraf və bədbəxtliyə sürükləyəcək, həddi aşaraq qərq və fəsadlarla nəticələnən yağmuru xatırlayacaq.

Qurani-Kərimdə “arzu” ifadəsi “əmaniyy”, “əməl”, “təmənna”, “ləytə” və digər ibarələrlə işlənir. Rəvayətlərdə olduğu kimi, Quran ayələrində də müsbət yüklü arzular bəyənilir, mənfi, məntiqdən kənar və uzun-uzadı arzular isə məzəmmət olunur. Məsələn, “Kəhf” surəsinin 46-cı ayəsində müsbət arzu haqda belə buyurulur:

الْمَالُ وَالْبَنُونَ زِینَه الْحَیَاه الدُّنْیَا وَالْبَاقِیَاتُ الصَّالِحَاتُ خَیْرٌ عِندَ رَبِّکَ ثَوَابًا وَخَیْرٌ أَمَلاً

“Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (doğru əqidələr və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı, (dünya və axirətdəki nəticələrini) arzulamaq baxımından daha gözəldir.”

Mənfi və məzəmmət olunan arzu haqda isə “Hicr” surəsinin 3-cü ayəsində belə buyurulur:

ذَرهُم یَأکُلوا و یَتَمتَّعوا و یُلهِهِمُ الأَملُ فَسوفَ یَعلَمون

“(Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın, (düçar olacaqları müsibəti) sonra biləcəklər!”

Allah-Taala bu ayədə arzu və istəyi dünyaya bağlı insanların əyləncə səbəbi kimi tanıtdırır. Peyğəmbərin (s) uyğun kəlamı da elə bu ayə ilə əlaqədardır. İnsan öncə arzu və istəklərlə əylənib başını qatır, sonra da onun nəticəsində axirəti və ölümdən sonrakı həyatı unudur.

Nəql edirlər ki, bir gün Həccac bir evin kənarından keçərkən, südsatan bir kişinin belə dediyini eşidir: “Kaş südümü yaxşı qiymətə satıb fılan malı alar, çoxlu xeyir-məfəət əldə edərdim və maddi vəziyyətim yaxşılaşardı. Ondan sonra gedib Həccacın qızı ilə ailə həyatı qurardım, ondan oğul sahibi olardım, Həccacın qızı mənimlə dalaşanda mən də onu təpikləyərdim.” Elə bu zaman əli südə dəyir və süd dağılır. Həccac içəri daxil olur və ona əlli qırmanc zərbəsi vurub deyir: “Əgər bir də mənim qızımı döysən, möhkəm cəzalanacaqsan!” (hawzah.net)

Peyğəmbəri-Əkrəm (s) buyurur:

مَثَلُ الإِنسَانِ وَ الأَمَلِ وَ الأَجَلِ فَمَثَلُ الأَجَلِ إِلَی جَانِبِهِ وَ الأَمَلُ أَمَامَهُ فَبَینَمَا هُوَ یَطلُبُ الأَمَلَ أَمَامَهُ أَتَاهُ الأَجَلُ فَاختَلَجَهُ

“İnsanın, arzu və əcəlin məsəli belədir: əcəl onun kənarında, arzu isə önündədir. O, arzunun arxasınca getdiyi halda, birdən əcəl yetişir və onu özü ilə aparır.” (“Kənzul-ummal”, 3-cü cild, səh. 494.)

Bir sözlə, əyləndirən, ölümü, axirəti və əbədi həyatı unutduran, qəflət yuxusuna qərq edən, nadanlıq girdabına atan, günaha sürükləyən, qəlbin qəsavətinə səbəb olan arzu və istəklər ali və ülvi hədəfləri izləmədiyi üçün pislənir. İnsana mənəvi hissləri aşılayan, xeyirxah əməllərə rəğbətləndirən arzu və istəklər isə, Peyğəmbərin (s) buyurduğu kimi, rəhmətdir və ən gözəl arzu da ilahi mərifət, ilahi rizayətdir.

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru