Pakistanda güclü yağış və qar yağmasından 14 nəfər ölüb

Pakistanda güclü yağış və qar yağmasından 14 nəfər ölüb

Pakistanın qərbindəki Bəlucistan vilayətinin müxtəlif bölgələrinə yağan güclü qar və leysan yağışları nəticəsində azı 14 nəfər ölüb.
 
Bu barədə “Dawn” qəzeti yazıb.
 
Məlumata görə, Bəlucistanın bəzi ərazilərində son günlər ərzində yağıntının miqdarı 20 il əvvəl qeydə alınmış rekordu qırıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar Kvetta beynəlxalq hava limanında bir neçə reys, o cümlədən Səudiyyə Ərəbistanına olan uçuşlar təxirə salınıb. Qar və leysan yağışlarının azı bir neçə gün də davam edəcəyi gözlənilir.
 
Vilayətdə nəqliyyatın hərəkəti pozulub, qatarlar böyük ləngimə ilə gedib-gəlir. Bildirilir ki, Pakistanla Əfqanıstanı birləşdirən Kozak-Pass avtomobil yolu qarla bağlanıb və bu, sərhədin hər iki tərəfində bir neçə kilometr uzunluğunda tıxacların yaranmasına səbəb olub. /Report

Google+ WhatsApp ok.ru