Mehman Hüseynov haqqında yeni cinayət işi dayandırılıb

Mehman Hüseynov haqqında yeni cinayət işi dayandırılıb

Hazırda həbsdə olan bloqer Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.
 
Bu barədə bu gün, yanvarın 22-də Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətini məlumat yayıb.
 
Məlumatda vurğulanır ki, bir qrup hüquq müdafiəçisi və M.Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin olunmasından ötrü dövlət başçısına müraciət ediblər.
 
Mətbuat xidməti qeyd edir ki, prezident hər zaman olduğu kimi, ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb. «Cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan baş prokuroruna tövsiyə edib», - açıqlamada yazılır.
 
Məlumatda bildirilir ki, prezidentinin tövsiyələrinə uyğun olaraq, baş prokuror istintaq orqanına M.Hüseynov barəsində hazırda istintaq olunan cinayət işi üzrə tapşırıqlar verib.
 
«Gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu,… nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib», - məlumatda yazılıb.
 
Açıqlamada xəbərdarlıq da yer alır: ​«Şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə,… həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq».  /azadliq.org /

Google+ WhatsApp ok.ru