İMAM ZAMANIN (Ə.C) DOSTLARININ XÜSUSİYYƏTLƏRİ

İMAM ZAMANIN (Ə.C) DOSTLARININ XÜSUSİYYƏTLƏRİ

-- Onlar Allah yolunda şəhadətə çatmağı arzulayarlar

İmam Zamanın (ə.c) zühurunun gerçəkləşməsi üçün lazım olan bir sıra şərt və zəminlər vardır kı, şübhəsiz, onlardan biri də, qıyamı dəstəkləyəcək və cahanşümul hökumətin işlərini yerinə yetirəcək ləyaqətli və əməlisaleh yardımçıların olmasıdır. Aydındır ki, böyük qiyam və inqilab ilahi rəhbərin rəhbərliyi ilə baş verirsə, ona uyğun dostlar və köməkçilər də tələb edir. Dost və köməkçi olduğunu iddia edən hər kəsin bu meydana girməsinə icazə verilməyəcək. Bu haqda aşağıdakı nəql edəcəyimiz bir hadisəyə diqqət yetirək:

İmam Sadiqin (ə) şiələrindən olan Səhl ibn Həsən Xorasani bir gün o həzrətdən soruşdu: “Yüz min qılınc çalan şiə dostunuz olduğu halda, öz haqqınız olan hökuməti ələ keçərməyinizə mane olan nədir?” İmam (ə) içi odla dolu bir təndir hazırlamağı əmr edir. Təndirdən od-alov ucalmağa başladıqda, İmam (ə) Səhlə buyurur: “Ey xorasanlı, qalx və təndirin içində otur.” Səhl o həzrətin ona qəzəbləndiyini güman edərək üzr istəməyə başlayır və deyir: “Ey mənim sərvərim, məni bağışlayın və məni odla cəzalandırmayın!” İmam (ə) buyurur: Bağışladım.”

Bu zaman o həzrətin həqiqi şiələrindən olan Harun Məkki salam verib içəri girir. İmam Sadiq (ə) onun salamının cavabını verdikdən dərhal sonra ona alovlanmış təndirin içinə girməsini əmr edir. Harun fikirləşmədən və sual etmədən təndirin içinə girib oturur. İmam Sadiq (ə) xorasanlı şəxslə söhbət etməyə, sanki Xorasanı görmüş kimi, Xorasan haqda danışmağa başlayır və bir müddət keçdikdən sonra Səhlə buyurur: “Ey xorasanlı, ayağa qalx və təndirə bax!” Səhl qalxıb təndirin içinə baxdıqda, Harunun atəşin içində oturduğunu görür! İmam (ə) ondan soruşur: “Xorasanda Haruna bənzər neçə şiə tanıyırsan?” O deyir: “Allaha and olsun ki, onun kimi bir adam tanımıram.” İmam (ə) buyurur: “Bunu bil ki, biz beş nəfər dost və köməkçi tapmadan qiyam etmərik və hansı zamanın qiyam üçün münasib zaman olduğunu da yaxşı bilirik.” (“Səfinətül-bihar”, c.8, səh.681.)

Yeri gəlmişkən, burada imam Mehdinin (ə) dostları və əsgərlərinin xüsusiyyətlərini məsum rəhbərlərdən nəql edilən rəvayətlər işığında araşdırmağı lazım bilirik ki, bununla biz də öz mövqeyimizi bilək və qüsurlarımızı aradan qaldırmağa çalışaq:

a) Mərifət və itaət: İmam Mehdinin (ə) dostları və əsgərləri Allahı və imamlarını tanımaqda dərin məlumata və mərifətə sahib olduqları halda, daim haqq cəbhəsində hazır olurlar. İmam Əli (ə) onların vəsfində buyurur: “Onlar Allahı layiq olduğu kimi tanıyan kəslərdir.” (“Müntəxəbül-əsər”, fəsil 8, bölmə 1, hədis 2, səh.611.)

Onların İmama olan əqidələri iliklərinə işləmiş və vücudlarında kök salmışdır. Bu mərifət İmamın adı, ləqəbi və əsil-nəcabətinə olan mərifətdən ucadır. Bu, İmamın vilayət haqqını və onun varlıq aləmindəki məqamını tanımaqdır. Bu da onların bütün vücudları ilə İmama sevgi bəsləmələri və sədaqətlə itaət etmələrinə səbəb olur. Çünki onlar İmamın sözünün Allahın sözü və ona itaəti Allaha itaət bilirlər. Peyğəmbər (s) onları vəsf edərkən belə buyurmuşdur: “Onlar öz imamlarına itaət çalışqandırlar.” (“Yovmul-xəlas”, səh.223.)

b) İbadət və ciddiyyət: İmam Mehdinin (ə) dostları və əsgərləri ibadətdə də öz rəhbərini nümunə bilir, gecə-gündüz Allahı ən gözəl zikrlərlə yad edirlər. İmam Sadiq (ə) onlar haqqında belə buyurur: “Gecələri ibadətlə keçirir və gündüzləri də oruc tuturlar.” (“Yovmul-xəlas”, səh.224.)

Onlar Allahı daim zikr etdikləri üçün polad tək möhkəmləşir və heç bir şey onların müqavimətlərini sındıra bilmir. İmam Sadiq (ə) buyurur: “Onlar, sanki qəlbləri polad parçaları kimi olan insanlardır.” (“Biharul-ənvar”, c.52, səh.308.)

s) Fədakarlıq və şəhədət eşqi: İmam Mehdinin (ə) köməkçiləri və dostlarının o həzrətə olan dərin mərifəti qəlblərini İmamın eşqi ilə dolduracaq. Demək, döyüş meydanında İmamın ətrafını möhkəm divarlar tək alaraq canlarını bəla oxlarına sipər edəcəklər. İmam Sadiq (ə) buyurur: “İmam Mehdinin dostları və əsgərləri döyüş meydanında onun ətrafında (pərvanə tək) fırlanar və öz canları ilə onu qoruyarlar.” (“Biharul-ənvar”, c.52, səh.308.)

Yenə də buyurmuşdur: “Onlar Allah yolunda şəhadətə çatmağı arzulayarlar.” (“Biharul-ənvar”, c.52, səh.308.)

d) Şücaət və qəhrəmanlıq: İmam Mehdinin (ə) dostları və əsgərləri eynilə o həzrətin özü kimi cəsur və qəhrəmandırlar. İmam Əli (ə) onları vəsf edərkən buyurmuşdur: “Onlar yuvalarından çıxmış aslanlar kimidir və əgər istəsələr dağları yerindən qopararlar.” (“Yovmul-xəlas”, səh.224.)

c) Səbir və dözüm: Aydındır ki, zülmlə mübarizə aparmaq və dünyamiqyaslı ədalətli hökumət qurmaq bir çox çətinliklər tələb edir. İmam Mehdinin (ə) köməkçiləri onun dünyamiqyaslı hökumətinin məqsəd və amallarının gerçəkləşməsi uğrunda bütün çətinliklərə və ağrılara sinə gərər və ixlasları üzündən gördükləri işləri kiçik sanarlar. İmam Əli (ə) buyurmuşdur: “Onlar Allah yolunda səbirli və dözümlü olduqlarından Allaha minnət qoymaz, canlarını Allah yolunda fəda etdiklərindən öyünməz və onu böyük bilməzlər.” (“Yovmul-xəlas”, səh.224.)

q) Vəhdət və birlik: İmam Əli (ə) imam Mehdinin (ə) dostlarının vəhdət təşkil etdiklərini vəsf edərkən belə buyurmuşdur: “Onların qəlbləri bir və həmahəngdir.” (“Yovmul-xəlas”, səh.223.)

Bu böyük insanların qəlblərinin bir olmasının səbəbi eqoizmdən uzaq olmaları, şəxsi istəklərindən üz çevirmələridir. Onlar doğru bir etiqadla yeganə bir bayraq altında və bir hədəf uğrunda qiyam edərlər. Bu da onların zəfər qazanmasında ən önəmli faktordur.

ğ) Zöhd və təqva: İmam Əli (ə) imam Mehdinin (ə) köməkçilərinin xüsusiyyətləri haqda belə buyurmuşdur: “O, dostlarından qızıl və gümüş toplamamaq, buğda və arpa yığmamaq üçün beyət alacaq.” (“Müntəxəbül-əsər”, fəsil 2, bölmə 11, hədis 4, səh.581.)

Onlar böyük hədəfləri izlələyəcək, məqsəd və amalları uğrunda qiyam edəcəklər. Dünya və maddiyyat onların hədəflərini və amallarını gerçəkləşdirməkdən saxlaya bilməz. Buna əsasən, dünya və onun zinətlərini görməklə özlərini itirənlər və ürəkləri sürətlə döyünənlərin imam Mehdinin (ə) dostları arasında yeri yoxdur.

Qeyd etdiklərimiz imam Mehdinin (ə) dostlarının xüsusiyyətlərinin kiçik bir hissəsindən ibarətdir. Onlar bu xüsusiyyətlərə sahib olduqları üçün hədislərdə təriflə yad edilmiş və məsum rəhbərlər (ə) onların dəyərli və böyük insanlar olduqlarını buyurmuşlar. Peyğəmbəri-Əkrəm (s) onların vəsfində buyurmuşdur: “Onlar ümmətimin ən xeyirli insanlarıdır. (“Yovmul-xəlas”, səh.224.)

İmam Əli (ə) də belə buyurmuşdur: Atam-anam yer üzündə tanınmayan az bir zümrəyə fəda olsun.” (“Möcəmül-əhadisil imamil-Məhdi (ə)”, c.3, səh.101.)

Əlbəttə, imam Mehdinin (ə) dostları ləyaqətlərinə görə müxtəlif mövqelərə sahib olacaqlar. Rəvayətlərdə inqilabın əsas üzvlərini təşkil edən o həzrətin 313 nəfər xüsusi dostlarının kənarında, 10 min nəfərdən ibatər bir qoşuna sahib olacağı və həmçinin möminlərdən ibarət böyük bir dəstənin o həzrətin köməyinə çatacağı da nəql edilmişdir.

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru