İmam Sadiqin (ə) təvazökarlıq haqda buyurduqları

İmam Sadiqin (ə) təvazökarlıq haqda buyurduqları

Təvazökarlıq böyük şəxsiyyətlərin şərəf və izzətinin göstəricisidir. İmam Sadiq (ə) müsəlman bir şəxsin bu libasa bürünməsini zəruri hesab etmiş və bir çox hədislərində bunu təkidlə vurğulamışdır. O cümlədən:

1. “Təvazökarlıq şərəf zirvəsinə aparan yollardan biridir.” (“Əl-məsdərul-mutəqəddim”, c.3, səh.321.)

Bu qızıl kəlam bəlağət çırağının nurudur. İnsan şərəf və izzət məqamına çatmaq üçün, mütləq bu çıraqdan istifadə etməlidir.

2. “Məclisdə bir yerdə oturmaqla kifayətlənmək, rastlaşdığın şəxsə salam vermək, haqlı olsan da mübahisəni tərk etmək və təqvaya görə təriflənməyi sevməmək təvazökarlıqdandır.” (“Həyatul-İmam Cəfər əs-Sadiq (ə)”, c.3, səh.321.)  

Bu hədis təvazökarlığın həqiqətini göstərən bəzi sifətlərə işarə edir:

a) Təkəbbürlü insanların məclisin yuxarı başında oturmağa həris olması təvazökarlıqdan uzaqdır;

b) Rastlaşdığın şəxsə birinci salam vermək təvazökarlıq əlamətidir. Çünki bu, nəfsin saflığını, təkəbbür və xudbinlikdən uzaqlığını aşılayır.

c) Xüsusilə elmi məsələlərdə mübahisəni (“cidal”ı) tərk etmək təvazökarlıq əlamətidir.

ç) Bir şəxsin öz elminə, ədəbinə və təqvasına görə təriflənməsini sevməməsi təvazökarlıq nişanəsidir. Onlara görə təriflənməyi sevən insan isə, şübhəsiz, təkəbbürə meyillidir.

3. “Simiclik və paxıllıqla qatqılı təvazökarlıq təkəbbürlə qatqılı səxavətdən yaxşıdır.” (“Həyatul-İmam Cəfər əs-Sadiq (ə)”, c.3, səh.321.)  

Həqiqətən, təvazökarlıq insanın bütün naqisliyini örtür, ictimai məqamını ucaldır və məhəbbətini insanların qəlbinə salır.

4. “Yaxşılıq, yumşaqlıq və təvazökarlıq cövhər mədənindən və axirət şərəfindən sayılır.” (“Həyatul-İmam Cəfər əs-Sadiq (ə)”, c.3, səh.321.)

İnsanı bu dünyada ucaldan və kəramət sifətlərindən sayılan yaxşılıq və təvazökarlıq axirətdə də insan üçün şərəf olacaqdır.

5. “Şərəfli insanın təvazökarlığı onun şərəfini daha da artırar.” (“Əl-hikəmul-Cəfəriyyə”, səh.66.)

Həqiqətən, şərəfli insanın təvazökarlığı onun böyüklüyündən doğur və ona şərəf, izzət qazandırır.

6. “Hər bir fəzilətdən daha fəzilətlisi möminlərə qarşı təvazökar olmaqdır.” (“Əl-hikəmul-Cəfəriyyə”, səh.66.)

Möminlərə qarşı təvazökarlıq ən üstün və fəzilətli təvazökarlıq sayılır. Amma varlı adamların qarşısında təvazökarlıq məzəmmət olunmuşdur.

7. “Allahın ən çox sevdiyi varlıq təvazökarlardır.” (“Əl-hikəmul-Cəfəriyyə”, səh.66.)

Təvazökarlar Allah-Taalanın ən çox sevdiyi və Ona ən yaxın olan kəslərdir.

8. “Hər bir peyğəmbər öz qövmünü yaxşılıq və təvazökarlığa dəvət etmişdir.” (“Əl-hikəmul-Cəfəriyyə”, səh.66.)

Şübhəsiz, dəvət və təbliğatda məqsədə çatmaq üçün təvazökarlıq və gözəl əxlaq şərtdir. Peyğəmbərlərin risalət və missiyası da təvazökarlıq və gözəl əxlaq üzərində qurulmuşdur.

9. “Rastlaşdığın hər bir şəxsə salam vermək təvazökarlıqdır.” (“Əl-xisal”, səh.12.)

10. “İzzət və şövkət sahibi olan Allahın dərgahında əyilməyən şəxsə heç bir izzət və şərəf, Onun dərgahında təvazökarlıq etməyən şəxsə ucalıq yoxdur.” (“Məcmuətu-Vərram”, c.2, səh.152.)

Həqiqətən, izzət və şərəf hər bir kəramət və şərəfin mənbəyi olan Allahın dərgahında əyilməkdir. Ən yaxşı təvazökarlıq da elə budur.

Bunlar İslam dünyasında elmi-ideoloji hərəkatın təsisçisi İmam Sadiqdən (ə) nəql olunmuş bəzi hədislərdir.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru