İmam Hadi (ə) və alimlərə ehtiram

İmam Hadi (ə) və alimlərə ehtiram

Nəql olunur ki, şiə alimlərindən biri bir “nasibi” (Əhli-beyt düşməni) ilə mübahisə edərkən onu dəlil-sübutla susdurur. İmam Hadi (ə) bunu eşitdikdə çox sevinir. Həmin alim İmamın (ə) hüzuruna gələndə, İmam (ə) onu böyük ehtiramla qarşılayır. Ələvi və Abbasi seyidlərinin iştirakı ilə baş tutmuş bu məclisdə İmam (ə) həmin alimə məclisin yuxarı başında yer ayırır, onun hal-əhvalını soruşmağa başlayır. Bu, məclisdəki seyidlərə ağır gəlir. Onlar narahat halda İmamdan (ə) soruşurlar: “Nə üçün ona Bəni-Haşim seyidlərindən çox ehtiram edirsən?”

İmam (ə) çox mehribanlıqla buyurur:

إِيَّاكُمْ وَ أَنْ تَكُونُوا مِنَ اَلَّذِينَ قَالَ اَللَّهُ تَبَارَكَ وَ تَعَالَى: «أَ لَمْ تَرَ إِلَى اَلَّذِينَ أُوتُوا نَصِيباً مِنَ اَلْكِتٰابِ يُدْعَوْنَ إِلىٰ كِتٰابِ اَللّٰهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلّٰى فَرِيقٌ مِنْهُمْ وَ هُمْ مُعْرِضُونَ» أَ تَرْضَوْنَ بِكِتَابِ اَللَّهِ عَزَّ وَ جَلَّ حَكَماً؟

“Siz Allah-Taalanın (Kitabdan pay verilmiş şəxsləri görmürsənmi ki, aralarında hökm etmək üçün insanları Allahın kitabına dəvət edirlər. Sonra onlardan bir qrupu tabe olmayıb üz döndərir!) – deyə buyurduğu insanlardan olmayın.” (“Ali-İmran” / 23.)

Sonra əlavə edərək buyurur: “Siz Allah-Taalanın kitabını hakim qəbul etməyə razısınızmı?”

Onların hamısı bir sözlə deyirlər: “Bəli, ey Rəsulullahın (s) övladı!”

İmam (ə) alimlərə ehtiram etməyi və onları başqalarından üstün tutmağın vacibliyini möhkəm bir dəlillə belə bəyan edir:

“Allah-Taala buyurmayıbmı ki:يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ وَإِذَا قِيلَ انشُزُوا فَانشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ (Ey iman gətirənlər! Sizə məclislərdə bir-birinizə yer verin deyildikdə, siz yer verin. Allah da sizə yer verər və əgər məclislərdə ayağa qalxın deyilsə, siz də qalxın. Allah sizdən iman gətirənlərin və elm verilmişlərin dərəcəsini qaldırar.”) (“Mucadələ” / 11.)

Mömin alim, alim olmayan mömindən, mömin də qeyri-mömindən üstün tutulmalıdır. Allah-Taala bu ayədə “əsil-nəsəb verilmişlərin dərəcəsini qaldırar” deyə buyurubmu? Xeyr, Allah-Taala belə buyurur:

قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ

“De: Məgər bilənlərlə bilməyənlər eynidirmi?” (“Zumər” / 9.)

Əgər Allah-Taala alimin dərəcəsini uca tutursa, bəs, mənim ona hörmət edib məqamını uca tutmağımı necə inkar edirsiniz? Bu alimin Allah-Taalanın ona öyrətdiyi elmlə, qəti dəlillərlə fılan “nasibi”ni məğlub etməsi əsil-nəsəb şərəfindən də şərəflidir.”

Məclisdəkilər İmamın (ə) qəti dəlil-sübutunu eşitdikdən sonra sükut etdilər. (“Həyatul-İmam Əliyyunil-Hadi (ə)”, səh.49-50.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru