İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) DÖVRÜNDƏ İCTİMAİ-SİYASİ VƏZİYYƏT

İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) DÖVRÜNDƏ İCTİMAİ-SİYASİ VƏZİYYƏT

Məlum olduğu kimi, Abbasi xəlifələri imamlara qarşı əllərindən gələn təzyiqləri həyata keçirməkdən çəkinməmişlər. Bu təzyiqlər imam Cavad (ə), məxsusən, imam Əliyyən-Nəqi Hadi (ə) və imam Həsən Əskərinin (ə) Samirrada olduqları dövrdə özünün son həddinə çatmışdı. Abbasilərin hakimiyyəti dövründə yaşamış üç imam bu təzyiqlərin şiddətindən gənc yaşlarında ikən şəhadətə çatdılar. İmam Cavad (ə) iyirmi beş, imam Əliyyən-Nəqi (ə) qırx bir, imam Həsən Əskəri (ə) isə iyirmi səkkiz yaşında şəhid oldular. Hər üç imamın yaşını üst-üstə gəldikdə, cəmi doxsan dörd il edir. Bu isə onlara qarşı yönəldilmiş təzyiqlərin nə dərəcədə şiddətli və ağır olduğunu aşılayır. İmam Həsən Əskəriyə (ə) qarşı təzyiqlər özündən qabaqkı iki imama olunmuş təzyiqlərdən də çox olmuşdur. Bunun əsas səbəbi isə bəlli idi: Abbasilər sülaləsi və onların havadarları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın hökumətləri tar-mar edəcək vəd edilmiş Mehdi (ə) imam Həsən Əskərinin (ə) nəslindən olacaq. Buna görə də, Firon həzrət Musanı (ə) uşaqlığından ələ keçirib öldürmək üçün əbəs yerə səy etdiyi kimi, onlar da daim imam Həsən Əskərini (ə) təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər.

İmam Həsən Əskərinin (ə) ömrü bir neçə хəlifə ilə bir zamana təsadüf еtmiş və onların hamısından zülm və müsibət görmüşdü. O həzrətin altı illik imaməti dövrü bir-birindən zalım üç Abbasi xəlifəsinin dövrünə təsadüf etmişdir: 1. Əl-Mötəzz Billah (252-255 h.q.); 2. Əl-Mühtədi Billah (255-256 h.q.); 3. Əl-Mötəmid (256-279 h.q.).

İMAM HƏSƏN ƏSKƏRİ (Ə) SAMİRRADA

İmam Həsən Əskəri (ə) atası imam Hadi (ə) ilə birlikdə – o zaman Abbasilərin xilafət mərkəzi olan Samirraya gətirilməsi bir neçə cəhətdən Məmunun imam Rzanı (ə) Xorasana gətirməsi siyasətinə bənzəyirdi. Bu siyasət nəticəsində, şiələrin İmamla (ə) əlaqəsini nəzarət altında saxlamaq və hakimiyyət üçün təhlükə yarada biləcək şiələri tanımaq mümkün idi. Abbasilər imamların digər Ələvilər kimi özlərinə tərəfdar toplamaqla qiyam edəcəklərini təsəvvür etdikləri üçün, onları xilafət mərkəzinə gətirib nəzarət altında saxlayır və ehtimal oluna biləcək qiyamlara mane olurdular.

İmam Həsən Əskəri (ə) Samirrada yaşadığı müddətdə zindana atıldığı bir neçə dəfə istisna olmaqla, həmin şəhərin yerli əhalisi kimi yaşayırdı. Təbii ki, o həzrətin bütün rəftar və hərəkətləri hakim dairələr tərəfindən dəqiq şəkildə izlənilirdi. Həqiqətdə, o həzrətin Samirrada uzun müddət qalması bir növ sürgün və həbs sayılırdı və bunu başqa cür başa düşmək olmaz. İmam Həsən Əskərinin (ə) xidmətçilərindən birinin nəqlinə görə, o həzrət hər bazar ertəsi və cümə axşamı günü məlumat vermək üçün xilafət sarayına getmək məcburiyyətində qalırdı. İmamın bu vəziyyəti zahirdə İmama ehtiram kimi qələmə verilsə də, həqiqətdə, xəlifə tərəfindən o həzrəti nəzarət altında saxlamaq məqsədi güdülürdü.

Əli ibn Cəfər, Hələbidən belə nəql edir: “İmam Həsən Əskərini (ə) xilafət sarayına gedəcəyi gün birdən bir qrup o həzrəti görmək üçün bir yerə yığıldı. Elə bu zaman o həzrət tərəfindən bizə bir məktub çatdı. Məktubun məzmunu belə idi: “Kimsə mənə salam verməsin, mənə yaxınlaşmasın və hətta mənə işarə belə etməsin. Çünki bu, sizin canınızı təhlükəyə ata bilər!”

Şiələrin imam Həsən Əskəri (ə) ilə əlaqə saxlamaq üçün nə qədər çətinlik çəkməsi bu rəvayətdən aydın şəkildə aydın olur. Təbii ki, o həzrət və şiələri fürsət tapdıqca, üzlərini bağladıqları halda bir-birilə görüşürdülər. Şiələrin o həzrətlə ünsiyyət yarada biləcəkləri ən yaxşı vasitə isə məktublaşma idi.

İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) FƏALİYYƏTLƏRİ

Abbasilər hakimiyyətinin amansız təqib və təzyiqlərinə baxmayaraq, imam Həsən Əskəri (ə) ictimai-siyasi və elmi fəaliyyətlərlə məşğul olurdu. O həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar:

1.–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək, əsl İslam ideyasını camaata aşılamaq;

2.–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq;

3.–Abbasilər hakimiyyətinin ciddi nəzarətinə baxmayaraq, gizli siyasi fəaliyyət;

4.–Şiələri, xüsusən də, yaxın dostlarını maddi baxımdan təmin etmək;

5.–Mühüm şiə ünsürlərini çətinliklər qarşısında siyasi baxımdan gücləndirmək;

6.–İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan istifadə etmək;

7.–Şiələri öz oğlu on ikinci imamın qeybə çəkiləcəyi dövrünə hazırlamaq.

(“Məsum imamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəryan, “İmam Həsən Əskərinin (ə) həyatı” bölümü; “Məsum imamların həyatı”, Ustad Mehdi Pişvayi, “İmam Həsən Əskərinin (ə) həyatı” bölümü.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru