İMAM HƏSƏNİN (Ə) KƏLAMINDA MƏSCİDİN SƏKKİZ XÜSUSİYYƏTİ

İMAM HƏSƏNİN (Ə) KƏLAMINDA MƏSCİDİN SƏKKİZ XÜSUSİYYƏTİ

İslamda heç bir məkan məscid qədər yüksək qiymətləndirilməmiş, Allah-Taalanın kəlamı və məsum rəhbərlərin rəvayətlərində onun xüsusi məqamından söz açılmışdır. Bu ilahi məkanda namaz qılmağın savabı və əhəmiyyəti, oraya get-gəl etməyə təşviq edilməsinin əsas səbəblərindən biri kimi İslam maarifinin nəşri, möminlərin təlim və tərbiyəsidir.

“Məscid” sözü Qurani-Kərim ayələrində 22 dəfə tək (məscid), 6 dəfə isə cəm halda olmaqla cəmi 28 dəfə işlənmişdir. Bu ayələrin bir qismində İslamda məscidin yüksək məqamı və əhəmiyyətindən, bir qismində məscidin, məxsusən, “Məscidül-həram”ın hökmlərindən, eləcə də, “Məscidül-əqsa” və “Əshabi-Kəhf məscidi”ndən söz açılır. Bir qisim ayələrdə də “məscid” sözü işlənməsə də, məscid və onun əhəmiyyəti ilə əlaqədar olması həmin ayələrin məfhumu və təfsir alimlərinin qeydlərinə əsaslanır.

Məsciddə ibadət etməyin əhəmiyyəti ilə bağlı “Bəqərə” surəsinin 114-cü ayəsini qeyd etməyimiz kifayətdir:

وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَاجِدَ اللّهِ أَن يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا أُوْلَـئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَا إِلاَّ خَآئِفِينَ لهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ

Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməldirlər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!”

Səfər ayının 28-i (Noyabrın 28-i) Kəbə evinin mövludu – imam Əlinin (ə) böyük övladı imam Həsən Muctəbanın (ə) şəhadət günü olduğundan, bu qısa yazıda təbərrük məqsədilə o həzrətin qiymətli kəlamlarından biri haqda söz açmaq istəyirik:

İmam Həsən (ə) məscidə get-gəl etməyin səkkiz faydası və əhəmiyyəti, başqa sözlə, məscid əhlinin səkkiz xüsusiyyətindən danışaraq buyurur:

مَنْ أَدامَ الاْخْتِلافَ إِلَی الْمَسْجِدِ أَصابَ إِحْدی ثَمان: آیةً مُحْکَمَةً وَ أَخًا مُسْتَفادًا وَ عِلْمًا مُسْتَطْرَفًا وَ رَحْمَةً مُنْتَظِرَةً وَ کَلِمَةً تَدُلُّهُ عَلَی الهُدی أَوْ تَرُدُّهُ عَنْ رَدًی وَ تَرْکَ الذُّنُوبِ حَیاءً أَوْ خَشْیةً

Daim məscidə gedən insan səkkiz faydadan birini əldə edər:

1. “Möhkəm ayə və nişanə”: Məscidə get-gəl edən insan həmin məscidin ruhanisi, imam camaatı və yaxud digər məscid əhlindən ilahi ayə və nişanələr dinləyəcək və onların məna, məfhumunu dərk edəcəkdir.

2. “Bəhrələnə biləcəyi dost”; İnsanın cismani və ruhi-psixoloji sağlamlığında yaxşı dostun təsiri danılmazdır. Məscid fürsət və imkan yaradır ki, cismani və psixoloji sağlamlığımıza təsir göstərə, bizi ilahi aramlığa çatdıra biləcək yaxşı dost tapaq. Dostundan boş vaxtını doldurmaq və xoş güzəran keçirmək məqsədilə istifadə edənlər yanılırlar.

3. “Yeni elm və bilik”: İslamda elm və elm əhlinə xüsusi yer ayrılır. Sözsüz, Quran təlimlərinə əsasən, elm əhli olmaq imtiyazdır, Quran ayələrində bilənlə bilməyən bərabər tutulmur. İnsan məscidə get-gəl etməklə İslam alimlərinin elmindən istifadə edəcək, yeni-yeni mətləblər eşidəcək, öyrənəcəkdir.

4. “Gözlənilən ilahi rəhmət”: İmam Həsənin (ə) buyruğuna əsasən, məscidə get-gəl etmək ilahi rəhmət, xeyir və bərəkətin nazil olmasına şərait yaradır, başqa sözlə, məscid rəhmət və xeyir-bərəkət evidir.

5. “İnsanı doğru yola yönəldən söz (eşidəcək)”: İnsan məscidə get-gəl etməklə haqq və doğru söz eşidərək haqq və doğru yolda addımlayacaq, əbədi səadəti qazana biləcək.

6. “İnsanı alçaqlıq və çirkinlikdən uzaqlaşdıran söz (eşidəcək)”: Günahın maddi və mənəvi təsirləri, onun acı nəticələri ilə tanışlıq insan həyatında böyük təsirə malikdir, insanı çirkinliklərdən amanda saxlaya bilər.

7. “Allahdan utanıb günahları tərk etmək”: Allahdan həya edib günahları tərk edən insanın imanı artar və bu, zaman ötdükcə “səciyyə”yə çevrilə bilər.

8. “Allahdan qorxub günahları tərk etmək”: Məscid günahların tərkini gücləndirən daxili mühərrikdir. (“Tuhəful-uqul”, səh.2235; “Əl-mustədrək”, 3-cü cild, səh.359, hədis 3778.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru