Kirayə mənzillər: sosial, yoxsa biznes layihəsi?

Kirayə mənzillər: sosial, yoxsa biznes layihəsi?

“Marja.az”da diqqəti “Kirayə mənzillər sosial yox, biznes layihəsidir” – narazılıq” sərlövhəli məqalə diqqəti çəkir.

Müəllif  sonrası alınma ilə mənzillərin satışa çıxarılması barədə (kirayə mənzillər) V çağırış Milli Məclisin deputatı Vahid Əhmədovla söhbətləşir.

V.Əhmədov isə şərtlərin əlverişsiz olduğunu dilə gətirib: “Həqiqətən də qiymətlər aztəminatlı, evsiz əhali üçün əlçatan deyil. İlkin ödəniş üçün 7 min manat çox böyük məbləğdir. Əgər bu evlər faizsiz verilirdisə, ilkin ödəniş də az olmalı idi. İndiki şərtlər daxilində sosial təminatı zəif olan insanlar kirayə mənzil sahibi ola bilməyəcəklər. Ona görə də məsələyə baxmaq lazımdır”.
 

İqtisadçı Natiq Cəfərli bildirib ki, kirayə mənzillər sosial layihə olaraq təqdim edilmişdi: “Əvvəlcədən deyirdilər ki, kredit faizləri hesablanmayacaq.
Amma ilkin məlumatlar açıqlanarkən məlum oldu ki, mənzillərin satışı faizsiz elan olunsa da faizlər əvvəlcədən hesablanaraq, ümumi qiymətin üzərinə gəlinib. Ona görə də qiymətlər çox yüksəkdir”.

N.Cəfərli deyir ki, normalda kirayə şərtlərilə satışa çıxarılan mənzili nağd şəklində 3 dəfə ucuz qiymətə almaq olar, cəmi 300-dən yuxarı sayla məhdudlaşan mənzillər ciddi sosial layihəyə çevrilə bilməyəcək.

Ekspert əlavə edir ki, fors-major situasiyalarda bütün məsuliyyət və əziyyət alıcının üzərinə qoyulur, bunlar  nəzərə alındıqda kirayə mənzil layihəsi sosial layihə olmaqdan çıxır və biznes layihəsi sosial layihə adı altında cəmiyyətə sırınır.

N.Cəfərli vurğulayır ki, sosial şəbəkələrdə gedən müzakirələr də insanların narazılığını göstərir, açıqlamalarla bu layihəyə ümid edənlərin ümidləri puça çıxdı.
Ekspert birmənalı olaraq deyir ki, bu layihə sosial layihə olmaqdan çıxıb və kommersiya layihəsinə çevrilib: “Bu da onu deməyə əsas verir ki, dövlətin balansında olan, satışı birbaşa nağd şəklində həyata keçirilən mənzillərin bu şəkildə baha satılmasına qərar verilib. Sanki sosial layihə biznes layihəsinə çevrlib. Təəssüf ki, layihənin indidən uğursuz olduğunu demək mümkündür”.

İlkin açıqlanan məlumatlara görə, kirayə üsulu ilə satılacaq mənzillərin sayı 331-dir. Mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metro stansiyalarının yaxınlığında), 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i Sumqayıtda yerləşir.

Google+ WhatsApp ok.ru