Kərbəla şəhidlərinin pak cəsədlərinin dəfn edilməsi

Kərbəla şəhidlərinin pak cəsədlərinin dəfn edilməsi

Mərhum Hacı Şeyx Abbas Qummi "Nəfəsul-məhmum" əsərində yazır: “Mötəbər kitablarda İmam Hüseyn (ə) və onun tərəfdarlarının dəfn edilməsinin necəliyi bütün təfsilatı ilə qeyd edilməmişdir.” ("Nəfəsul-məhmum", səh.213.)

Amma məşhur nəqlə əsasən, pak şəhidlərin cənazəsi üç gün müddətində günəşin şüaları altında yerdə qaldı və onların bədənləri üzərindən səhranın küləyi əsdi. Kərbəlanın yaxınlığındakı Qaziriyyədə köç salan Bəni-Əsəd tayfası İbn Sədin qoşunu Kərbəladan çıxdıqdan sonra Kərbəlaya gəldi və həmin pak cənazələri qana, torpağa bulaşmış gördü. Onların kişi və qadınlarının nalə-şivənləri ucaldı, çünki onlar pak bədənləri dəfn etmək istədikdə, onlardan heç birinin bədənində başlarının, əyinlərində isə paltarlarının olmadığını gördülər və onlardan heç birini tanıya bilmədilər. Həmin səbəbdən, heyrətdə qalmışdılar. Gözlənilmədən İmam Səccad (ə) səhra tərəfdən onlara tərəf gəldi, şəhidləri onlara tanıtdırdı və hamıdan öncə İmam Hüseynin (ə) pak cənazəsini dəfn etdi. Kərbəla torpağını bir qədər qazdıqdan sonra hazır bir qəbir aşkar oldu. Əllərini bədənin altına qoyub təklikdə qəbrin içinə apardı və buyurdu: "Mənimlə mənə yardım edənlər vardır." Bədəni qəbrə qoyduğu zaman, mübarək üzünü atasının kəsilmiş boğazına qoydu və göz yaşları üzünə süzüldüyü halda buyurdu:

طُوبى‌ لِأَرْضٍ تَضَمَّنَتْ جَسَدَكَ الطّاهِرَ، فَإنّ الدُّنْيا بَعْدَك مُظْلِمَةٌ وَالْآخِرَةُ بِنُورِكَ مُشْرِقَةٌ، أَمَّا اللَّيْلُ فَمُسَهَّدٌ وَالْحُزْنُ فَسَرْمَدٌ، أَوْ يَخْتارَ اللَّهُ لِأَهْلِ بَيْتِكَ دارَكَ الَّتي أَنْتَ بِها مُقيمٌ وَعَلَيْكَ مِنّي السَّلامُ يَابْنَ رَسُولِ اللَّه وَرَحْمَةُ اللَّهِ وَ بَرَكاتُهُ‌

"Xoş olsun sənin pak bədənini örtən torpağa! Dünya səndən sonra zülmətə çevrildi və axirət sənin üzünün nuru ilə aydınlandı. Allah-Taala sənin əhli-beytini sənə qovuşdurana və sənin kənarında yer verənə qədər gecələr artıq gözlərimə yuxu getməyəcək və kədərim bitməyəcəkdir. Salam olsun sənə, ey Allah Rəsulunun övladı! Allahın rəhmət və bərəkətləri olsun sənə!"

Sonra qəbirdən çıxıb onu torpaqla örtdükdən sonra barmağı ilə qəbrin üzərində belə yazdı:

هذا قَبْرُ الحُسَيْنِ بنِ عَلِيِّ بنِ أبي‌طالِب الَّذِي قَتَلُوهُ عَطْشاناً غَريباً

"Bu, Hüseyn ibn Əli ibn Əbitalibin (ə) qəbridir. Onu susuz və qərib öldürdülər."

Daha sonra Əli Əkbərin (ə) cəsədi o Həzrətin (ə) ayaqları altında torpağa tapşırıldı. Bəni-Haşim və digər şəhidlərin cənazələri İmamın (ə) ayağının alt tərəfində kütləvi şəkildə dəfn edildi. ("İrşad", Müfid, səh.470-471 və, "Məqtəlul-Huseyn", Müqərrəm səh.320.)

Sonda isə İmam Səccad (ə) Bəni-Əsəd qəbiləsini Əlqəmə çayına – Həzrət Abbasın (ə) şəhid olduğu yerə – tərəf yönəltdi və o Həzrətin pak cənazəsini həmin yerdə dəfn etdilər. İmam Zeynəlabidin (ə) əmisini dəfn edərkən göz yaşı tökərək buyurdu:

عَلَى الدُّنْيا بَعْدَكَ الْعَفا يا قَمَرَ بَني هاشِمٍ وَعَلَيْكَ مِنّي السَّلامُ مِنْ شَهيدٍ مُحْتَسَبٍ وَ رَحْمَةُ اللَّهِ وَبَرَكاتُهُ‌

“Ey Bəni-Haşimin qəməri (ayı)! Səndən sonra kül olsun dünyanın başına! Sənə salam göndərirəm! Allahın rəhmət və bərəkətləri olsun sənə!” ("Məqtəlul-Huseyn", Müqərrəm, səh.320 və "İrşad", Müfid, səh. 471.)

Bəni-Əsəd tayfası da onların başçısı olan Həbib ibn Məzahiri ayrıca olaraq indiki yerində dəfn etdi. ("Qisseye-Kərbəla", səh.418.)

İmam Səccadın (ə) əsir olduğu halda belə bir əməli necə yerinə yetirməsi barədə əlimizdə çoxlu rəvayətlər vardır. Şiə etiqadına əsasən, hər bir imamın kəfənlənib dəfn edilməsi sonrakı imamın öhdəsindədir. O cümlədən, İmam Rzadan (ə) nəql edilən bir rəvayətdə onun həmin məsələyə işarə etdiyini və Əli ibn Həmzənin sualına cavab olaraq belə buyurduğunu oxuyuruq: “Əli ibn Hüseynə (İmam Səccad) (ə) (əsir olduğu halda) Kərbəlaya gəlməsinə və atasının pak cənazəsini dəfn etməsinə qüdrət verən kəs, bu əmr sahibinə (İmam (ə) özünə işarə edir) qüdrət vermişdir ki, Bağdada gələrək atası (Musa ibn Cəfərin (ə)) dəfn işlərini öhdəsinə alsın, sonra da geri qayıtsın. Bu fərqlə ki, o, İmam Əli ibn Hüseyn (ə) kimi əsirlikdə deyildir.” ("Biharul-ənvar", c. 48, səh. 270.)

Həmin qanlı və bənzərsiz hadisədən aylar və illər ötdü, elə bir hadisə ki, bir tərəfdən, bütün insani dəyərlərin təcəssümü, digər tərəfdənsə barbarlıq, vəhşilik və namərdliyin zirvə nöqtəsi idi. Kərbəla fatehlərinin axmaqcasına gümanının əksinə olaraq, onun üzərindən zaman keçdikcə, onların (düşmənlərin) məğlubiyyəti və İmam Hüseyn (ə) və tərəfdarlarının qələbəsi daha da aşkar olur. Bu hadisə yeniləri köhnəldən və köhnələri unutduran bəşər tarixinin əksinə olaraq izzət və şərəflə yaşamaq istəyən, eyni zamanda zillət dolu yaşayışın əvəzinə şərafətli ölümü seçən bütün kəslər üçün meyar və nümunəyə çevrilənə qədər yeni bir parlaqlıq əldə etmiş və sonunda bu hadisə özünə əbədilik xüsusiyyəti qazandırmışdır. Tarixin bu düz qamətlilərinin, əyilməzlərinin həyat və şəhadətləri bütövlükdə əbədi məfhumlarla əlaqələndiyi halda, nə üçün də əbədilik əldə etməsin? Həmin məfhumlar bunlardır: İzzət, başıucalıq, ədalət, zülmlə mübarizə, müqəddəs hədəf uğrunda vəfadarlıq və fədakarlıq göstərmək və sonunda Allaha doğru seyr etmək! İslam tarixinin bu fəsli barədə minlərlə kitab, məqalə və şeirlərin yazılmasına baxmayaraq, diqqətlə nəzər salsaq, bunların hamısının dəftərin başlanğıcı olduğunu görərik. Yezid nəslindən olan və həmin cinayətləri daha geniş miqyasda həyata keçirən hazırkı dünyada nicat yolu İmam Hüseyn (ə) və tərəfdarlarının bizə öyrətmiş olduğu həmin yoldur. Gecə-gündüz onların pak ruhlarına Allahın salam və rəhməti olsun! (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.550-553.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru