Hindistan smartfonlar üçün 59 mobil tətbiqi bloklayıb

Hindistan smartfonlar üçün 59 mobil tətbiqi bloklayıb

Hindistan hökuməti əksəriyyəti Çinə aid olan smartfonlar üçün 59 tətbiqin, o cümlədən “Tik Tok”, “Wechat”, “Weibo”, “Baidou map”, “Baidou translate”in ölkənin internet məkanında istifadəsini qadağan edib.
 
Maide.Az "azertac"a istinadla xəbər verir ki, hökumət bu qərarını serveri xaricdə olan həmin mobil tətbiqlərin istifadəçilərin şəxsi məlumatlarını oğurlamasına dair daxil olan şikayətlərlə əlaqələndirib. Rəsmi açıqlamada Hindistanın milli təhlükəsizliyinə və müdafiə imkanlarına aid məlumatların toplanması və emalı ilə bağlı şikayətlərin narahatlıq doğurduğu qeyd olunub. Bu cür tətbiqlər ölkənin suverenliyinə və bütövlüyünə təhdid yaradır.
 
Bildirilir ki, həmin tətbiqlərin həm smartfonlarda, həm də internetə bağlı olan digər cihazlarda istifadəsi dayandırılıb. Hindistanın İnformasiya Texnologiyaları Nazirliyi qadağan olunan tətbiqlərin “Play Store” və “Apple Store”dan silinməsi üçün müvafiq göstəriş verib.
 
Hindistan tərəfi istifadəsi qabağan olunan tətbiqlərin çoxunun Çinlə bağlı olmasına baxmayaraq, qərarın Çini hədəf almadığını bəyan etsə də, mütəxəssislər bu məsələdə iki ölkə arasında sərhəd toqquşmasının təsirinin olduğunu istisna etmirlər.
 
Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ölkəsinin Hindistanın bu qərarından narahatlığını ifadə edib və məsələni dəqiqləşdirəcəklərini açıqlayıb. O, “qələbə-qələbə” prinsipinə əsaslanan ikitərəfli əməkdaşlığın məhvinin Hindistanın da maraqlarına uyğun olmadığını deyib.
 
Qeyd edək ki, iyunun 15-də iki ölkə arasında sərhəd zonada yerləşən Qalvan vadisində baş verən toqquşmada ölən və yaralananlar olub. Bu hadisə iki ölkə arasında gərginliyin çoxalması ilə nəticələnib. Son günlər Hindistanda Çin mallarının boykot edilməsinə çağıran bir neçə aksiya keçirilib.

Google+ WhatsApp ok.ru