Güclü külək və leysan Göyçay, Zaqatala və İsmayıllıda fəsadlar törədib - YENİLƏNİB

Güclü külək və leysan Göyçay, Zaqatala və İsmayıllıda fəsadlar törədib - YENİLƏNİB

Ötən gecə Göyçay və İsmayıllı rayonlarına yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları kəndlərdə ciddi fəsadlar törədib.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, bir neçə saat yağan güclü yağışdan sonra dağlardan gələn sel suları rayon mərkəzini və kəndləri basıb. 
 
Təbii fəlakət nəticəsində kəndlərdə evlərin zirzəmilərinə, həyətyanı sahələrə su və lil dolub. Küçələrdə keçilməz su gölməçələri yaranıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Sel vətəndaşlara məxsus ev quşlarını tələf edib, tərəvəz və bostan sahələrinə ziyan vurub. 
 
Güclü külək Göyçay və İsmayıllıda evlərin dam örtüyünə, meyvə ağaclarına da zərər vurub. İri gövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb, gecə saat 23:00 radələrində İsmayıllı və Göyçay şəhərlərinə, kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Hazırda əhalinin enerji ilə təmin edilməsi, küçələrə və həyətyanı sahələrə aşan ağacların götürülməsi üçün tədbirlər görülür. İsmayıllı şəhər məzarlığında iri gövdəli ağacın aşması nəticəsində 10-a yaxın qəbir daşı dağılıb.
 
Leysan yağışlarından sonra Göyçay, Girdimançay, Ağsuçay, Vəndamçay, Pirsaatçay çaylarında da suyun səviyyəsi xeyli qalxıb.
 
***
Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsində 4 nəfər köməksiz vəziyyətdə qalıb.
 
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb.
 
Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.
 

Google+ WhatsApp ok.ru