Dünyada gənclərin 80 faizdən çoxu kifayət qədər fiziki məşq etmir

Dünyada gənclərin 80 faizdən çoxu kifayət qədər fiziki məşq etmir

Dünyada 11-17 yaş arası beş uşaqdan dördü kifayət qədər fiziki məşq etmir, bu məsələylə bağlı keçirilmiş ilk təhlilin nəticələrində göstərilib.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bu, uşaqların sağlamlığıyla yanaşı onların sosial bacarığı və beyin inkişafı üçün də zərərlidir.
 
Təhlildə qeyd olunur ki, gündə tövsiyə olunan bir saatlıq məşqin edilməməsi zəngin və kasıb ölkələrdə ümumi bir problemə çevrilib.
 
Ümumilikdə təhlil aparılmış 146 ölkədən dördü istisna olmaqla oğlanların fiziki aktivliyi qızlardan daha çox olub.
 
Məşq necə olmalıdır ?
 
Məşq zamanı ürəyin daha sürətli döyünməsi və ağciyərlərin nəfəs almasına səbəb olan hərəkətlər edilməlidir.
 
Həmin fiziki hərəkətlilik aşağıdakı siyahıda göstərilənlərdən ibarət ola biilər:
 
- qaçış
 
- velosiped idmanı
 
- üzgüçülük
 
- futbol
 
- tullanma
 
- atçapma
 
- gimnastika
 
Hədəf gündə 60 dəqiqəlik asta başlayıb intensiv bitən hərəkətdir.
 
ÜST əməkdaşı doktor Fiona Bull deyir ki, bu cür fiziki aktivlik "sağlamlığı yaxşılaşdırmağa və möhkəmlətməyə imkan verir".
 
Orta templi və intensiv məşq arasında fərq ondadır ki, birinci halda məşq edərək söhbət etmək olursa, ikinci halda söhbət etməyə nəfəs çatmır.
 
Narahat olmağa dəyərmi?
 
Həm indi, həm də gələcək üçün əsas səbəb sağlamlıqdır.
 
Qısa müddətdə fiziki aktivlik aşağıdakılara nail olmağa kömək edir:
 
- ürək və ağciyərlər daha sağlam olur
 
- sümüklər və əzələlər daha güclü olur
 
- ümumi fiziki və psixoloji hal-əhval yaxşılaşır
 
- çəki azalır
 
"Yeniyetmə yaşlarında fiziki cəhətdən fəal olanların yaşlaşanda da aktiv qalması ehtimalı böyükdür", - ÜST doktoru Regina Guthold deyir.
 
Bütün ömür boyu aktiv qalmaq ürək xətəliklərindən tutmuş 2-ci tip diabetədək bir çox xəstəliklərin riskini azaltmağa kömək edir.
 
Tədqiqatçıların qənaətincə, fiziki aktivlik beynin inkişafına da müsbət təsir göstərir.
 
"Beyinin öyrənmə funksiyası və insanların cəmiyyət mühitində davranışı yaxşılaşır", - doktor Guthold qeyd edir.
 
Uşaqlar tənbəllik edirmi?
 
Əgər imkan tapan kimi biz divanda uzanmağa üstünlük veririksə, bu, bizim hamımız və uşaqlar barədə əsaslı nədənsə xəbər vermirmi?
 
"Uşaqlar tənbəl deyil, - doktor Bull deyir. - Bu bizə ümumi bir cəhətdən xəbər verir, lakin bu, uşaqlara aid deyil. Bu, laqeydlikdir və fiziki fəaliyyətə diqqət yetirməməyimizdən xəbər verir və göründüyü kimi, bütün dünyada geniş yayılıb".
 
Bəs onda nə baş verir?
 
Fiziki aktivliyin niyə bu qədər aşağı olduğunu izah edən tək cavab yoxdur, lakin bəzi ümumi fikirlər var.
 
Onlardan biri zehni fəaliyyətə fiziki aktivlikdən daha çox diqqət yetirilməsindədir.
 
"Bu yaş qrupuna aid olan yeniyətmələr dərs oxumağa, imtahana hazırlaşmağa daha çox diqqət yetirirlər, - hesabat müəlliflərindən biri Leanne Riley qeyd edir. - Uşaqlar günün çox hissəsini məktəbdə keçirirlər, fiziki aktivliyə isə imkan və vaxt qalmır".
 
Tədqiqatçılar idman və istirahət obyektlərinin təhlükəsiz, əlçatan və əlverişli olması ilə bağlı problemlərin olduğunu da deyirlər.
 
Yolların təhlükəsiz olmaması velosiped sürməyin məktəbə və ya bir dostun evinə getmək variantlarının da problemli olduğundan xəbər verir.
 
"Bu təhlükəsizlik məsələləri əslində böyük bir problemdir", - xanım Riley deyir.
 
Kompüter oyunlarının geniş yayılması, mobil telefon, tablet və ya kompüterdə mövcud olan əyləncə aləmi - bütün bunlar bayırda vaxt keçirimə imkanlarını daraldan amillərdəndir.
 
Doktor Bull "əyləncələrin misli görünməmiş dərəcədə əlçatan olduğunu" və əvvəlki nəsillərlə müqayisədə tamamilə fərqli bir miqyasda əyləncələrin əlçatan olduğunu söyləyib.
 
Hansı ölkələrdə vəziyyət daha yaxşıdır?
 
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunur ki, Əfqanıstandan Zimbabveyədək fiziki hərəkətsizlik universal bir problemə çevrilib.
 
Tədqiqatın nəticələrinə görə, ən aşağı səviyyədə fiziki hərəkətsizlik Banqladeşin payına düşür, lakin hətta bu ölkədə də uşaqların 66 faizi (üçdə ikisi) gündə bir saat ərzində məşq etmir.
 
Filippində oğlanlar (93%) və Cənubi Koreyada qızlar (97%) ən az fiziki fəallıq göstərən qruplara aid edilib, hesabatda qeyd olunub.
 
İngiltərədə oğlanların 75 faizi və qızların 85 faizi fiziki hərəkətsizlik qruplarına aid edilib.
 
Qızlar nə qədər geridə qalır?
 
Araşdırmaya görə, yalnız dörd ölkədə - Tonqa, Samoa, Əfqanıstan və Zambiyada - qızlar oğlanlara nisbətən fiziki cəhətdən daha aktiv olublar.
 
Qlobal miqyasda qızların 85 faizi və oğlanların 78 faizi olduqca az fiziki fəallıq göstərir.
 
ABŞ və İrlandiya kimi ölkələrdə gender fərqi böyükdür.
 
Araşdırmaya görə, hər iki ölkədə oğlanların 64 faizi və qızların 81 faizinin fiziki çəhətdən hərəkətsiz olduqları göstərilib.
 
Qızlarla bağlı vəziyyət niyə fərqlidir?
 
Bunun səbəbi bir deyil və ölkədən-ölkəyə dəyişir.
 
"Burada bəzi adət-ənənə amilləri də öz təsirini göstərir. Bəzi mədəniyyətlərdə, yeniyetmə qızlar oğlanlar qədər aktiv deyillər və onların fiziki aktivliyi alqışlanmır", - xanım Riley deyir.
 
Tədqiqatçılar həmçinin deyir ki, idmana qatılmağın yolları çox vaxt qızlarla müqayisədə oğlanlara daha çox hesablanır.
 
Qızları isə idmanla məşğul olmağa inandırmaq üçün daha çox səyin göstərilməsi tələb olunur.
 
Xanım Riley bunun üçün bəzən uyğun şəraitin də olmadığını qeyd edir. "Çox vaxt qızların özlərini rahat hiss etməsi üçün idman obyektlərində ayrıca paltardəyişmə otaqları da olmur", - o deyir.
 
Vəziyyət yaxşılaşır və pisləşir?
 
Vəziyyət yavaş-yavaş da olsa yaxşılaşır..
 
The Lancet jurnalınında dərc olunmuş araşdırmanın nəticələrinə əsasən, 2001-ci ildən bəri vəziyyət bir qədər dəyişib.
 
Belə ki, 2001-2016 illər arası fiziki hərəkətsizlik indeksi oğlanlar arasında 80 faizdən 78 faizə düşüb, qızlarda isə 85 faiz səviyyəsində qalıb.
 
Ekspertlər nə düşünür?
 
Şərqi Ontario Tədqiqat İnstitutunun Uşaq Xəstəxanasından olan doktor Mark Tremblay deyir: "Elektronikada inqilab insanların həyat tərzini və hərəkətliliyini fundamental şəkildə dəyişərək onları evlərinin içində, çox vaxt isə oturduqları yerlərində təcrid olunmuş vəziyyətə salıb".
 
"İnsanlar daha az yatır, daha çox oturur, daha az-az yeriyir, daha tez-tez avtomobildə hərəkət edir, əvvəlkindən daha az fiziki hərəkətlər edirlər".
 
Kral Pediatriya və Uşaq Sağlamlığı Kollecinin prezidenti, professor Russell Viner, araşdırma nəticələrinin "narahatedici" olduğunu qeyd edib.
 
"Fiziki cəhətdən daha fəal olan uşaqlar daha sağlam olur, məktəbdə daha yaxşı oxuyurlar, - o deyir. - Uşaqların və gənclərin aktiv və sağlam həyat tərzi keçirmələrini asanlaşdırmalıyıq - bunu demək, yerinə yetirməkdən daha asandır". /bbc
 

Google+ WhatsApp ok.ru