Dilin zikri ilə qəlbin zikri-1

Dilin zikri ilə qəlbin zikri-1

Ayə və rəvayətlərə, əqli və təcrübi dəlillərə əsasən, insanın süqutunun əsas səbəbi onun öz şəxsiyyətindən qafil olmasından ibarətdir. İnsani şəxsiyyətdən qəflət səbəb olur ki, insan digər üç şeydən qafil olsun: O, haradan gəlib? Hardadır? Hara gedir? İnsaniyyətin həqiqətindən qəflət insanı süquta uğratdığı kimi, bunun ziddi olan özünüdərk və özünüqiymətləndirmə isə insanı kamilləşdirən amillərdir. İnsanın qeyd olunan üç suala diqqət yetirməsi elə onun özünədiqqəti və özünütanımasıdır.

Bütün diqqətlərin mərkəzində isə Allaha diqqət dayanır. İnsan özünü tanımaq üçün Allahla bağlılığını dərk etməlidir. Bu bağlılıqdan xəbərsiz insan özünü tanımaqda acizdir. Özünü və Allahla bağlılığını dərk edən insan Allahın “feli” olduğunu anlayır. Allah hikmət sahibi olduğu üçün Onun felində, yaratdığında da hikmət olmalıdır. Allahın dünya və insanı yaratmaqda məqsədini araşdırmaqla məad bəhsinə çatırıq. Bizi son məqsədə çatdıracaq yol nübüvvət bəhsini öyrənməklə daha da aydınlaşır.

Bu deyilənlərdən belə qənaətə gəlirik ki, insanı xoşbəxt edəcək ən əsas şərt Alahın zikridir. İnsanın “lə iləhə illəllah” deməsinə Allahın heç bir ehtiyacı yoxdur. Sadəcə olaraq kamala çatmaq üçün Allaha qarşı daim diqqətli olmaqdan başqa bir yol yoxdur.

Qəlb zikri, yoxsa dil zikri

Sual oluna bilər ki, zikrin sözləri insanın diqqətini Allaha yönəldə bilərmi? Yoxsa həqiqi zikr dil yox, qəlb zikridir? İlk nəzərdən belə görünə bilər ki, əsl zikr qəlb zikridir və dil zikri qəlb zikrinə yol tapmaq üçün bir vasitədir. Amma bu müxtəsər cavab qənaətbəxş deyil. Əgər dil zikri faydasızdırsa, bu məsələyə təkid edən ayə və hədislərdə məqsəd nədir? Daim Allahı xatırlayan insanın dil zikrinə ehtiyacı yoxdurmu?

Sufilər arasında istər qəlb, istərsə də dil zikrində ifrata varma halları müşahidə edilir. Onlar dairəvi əyləşərək “zikr dairəsi” deyilən mərasim keçirirlər. Xüsusi avaz və hərəkətlərlə, uca səslə bir neçə saat ardıcıl eyni zikri təkrarlayırlar. Onlar bu zikri aşkar zikr adlandırırlar. Digər bir sufi firqəsi yalnız qəlb zikri ilə kifayətlənir. Namazın əvvəlindən axırınadək azca da olsa dillərini tərpətmirlər. Onlar iddia edirlər ki, dil zikri qəlb zikrini oyatmaq üçündür və insan qəlbən zikr edirsə, dil zikrinə ehtiyacı yoxdur.

Əhli-beyt maarifi nəzərindən qeyd olunmuş hər iki nəzəriyyə yanlışdır. Çünki ayə və rəvayətlərdə xüsusi zikrlər buyurulmuşdur. Bu zikrləri artırıb-əskiltmədən demək lazımdır. Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabında İmam Sadiqdən (ə) belə bir rəvayət nəql edir: “Tezliklə elə günlər (gecələr) gələr ki, aranızda sizi hidayət edəcək imam olmaz (qeybə çəkilər). Əgər “ğəriq” duası oxumasanız, o günlərin qaranlığından qurtulmazsınız.”

Abdullah ibn Sinan o həzrətdən soruşur ki, bu hansı duadır? Həzrət buyurur: Dua belədir: Ya Əllahu, ya rəhmanu ya rəhimu, ya muqəllibəl-qulubi, səbbit qəlbi əla dinik.

Abdullah ibn Sinan deyir ki, mən duanı təkrar edərkən “ya muqəllibəl-qulubi vəl-əbsar” dedim. İmam məni saxlayıb “necə dedimsə, elə də təkrar et” buyurdu.”

Hədisdən aydın olur ki, xüsusi dualarda bir kəlmə də olsun belə yerbəyer etmək olmaz. Namazda həmd və surəni dillə demək də dini zərurətlərdəndir. Namazda yalnız qəlb zikrini kafi bilmək yanlış düşüncədir. Cəmiyyətdə geniş yayılmış cahil bir fikir var: “Təki qəlb təmiz olsun, namaz əsas deyil.” Hicaba münasibətdə də həmin cahil ideya ilə üzləşirik. Bir çox xanımlar “hicab əsas deyil, təki qəlb düz olsun” deyirlər. Bu nadanları bir sualla oyatmaq istərdik: Ey dini əmrlərə qarşı çıxanlar! Doğrudanmı siz özünüzü qadir Allahdan elmli sayırsınız?!

İnsan! Sənin özündən din ixtira etmək haqqın yoxdur. Biz Quran və rəvayətlərə müraciət edərək əməl yolunu öyrənməliyik. Eləcə də Allahı xatırlama, zikr mövzusunda adı gedən mənbələrdən göstəriş almalıyıq. İmam Sadiq (ə) buyurur: “Atam çox zikr edərdi. Yolda getdiyi zaman, hətta camaatla ünsiyyətdə olduğu vaxt mən onun daim “lə iləhə illəllah” dediyini eşidirdim.”

Məgər bütün rəvayətləri qulaqardına vurmaq olarmı?! Əgər o böyük şəxsiyyətlər dildə zikr etmişlərsə, dil zikrini faydasız adlandırmaq olarmı?! Unutmayaq ki, xeyirli aqibətə çatmaq üçün Əhli-beytə (ə) iqtidadan savayı yolumuz yoxdur. (“Be suye-xoda – Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.70-72.)

Maide.Az

Google+ WhatsApp ok.ru