CƏHƏNNƏM SAHİLİ

CƏHƏNNƏM SAHİLİ

Sərvətə görə evlənmək cəhənnəmin kənarında və qapısında dayanmaqdır.

Yəqin bilirsiniz ki, ata-ananın övladın boynunda saysız haqqı vardır. Amma heç bilirsiniz ki, övladların da ata-ananın üzərində haqları vardır? Onu da bilirsinizmi ki, əgər bu haqları yerinə yetirməsələr, Allah-Taalanın yanında məsuliyyət daşıyırlar?

Övladların ata-ana üzərində müxtəlif haqları vardır ki, onların ən əhəmiyyətli və vacibiərini Allahın Rəsulu (s) belə bəyan etmişdir:

مِنْ حَقِّ الْوَلَدِ عَلَى وَالِدِهِ ثَلَاثَةٌ- يُحَسِّنُ اسْمَهُ وَ يُعَلِّمُهُ الْكِتَابَةَ وَ يُزَوِّجُهُ إِذَا بَلَغ [وَ يُعَلِّمَهُ الْقُرْآن]؛

“Övlada yaxşı ad qoymaq, yazıb-oxumaq (və Quran oxumağı[1]) öyrətmək, onun təlim-tərbiyəsi ilə məşğul olmaq, boya-başa çatdıqda isə evləndirmək.”[2]

Əgər ata-ana imkanları olduğu halda övladlarının ailə həyatı qurması üçün lazımi şəraiti yaratmazlarsa və nəticədə, övlad günaha düşərsə, bu günah ata-ananın da ayağına yazılacaqdır.

Bu məktuba diqqət yetirin:

“...Əsgərliyimi təzə başa vurmuşam… Evlənmək istəyirəm. Amma atam bu məsələdə mənə kömək etmək istəmir və özü də buna mane olur və deyir ki, əvvəl özüm evlənim, sonra səni də evləndirərəm… Atam bacımı zorla pullu bur kişiyə ərə vermək istəyir. Deyir ki, ən əsası puldur. Pul ki oldu, hər şey var…”

Görəsən, həqiqətən belədir? Yəni hər kəs pulludursa, demək, hər şeyi vardır? Həqiqətən, pul hər şeydirmi?

Həyatda yaxşı yaşamaq üçün pulun və maddi imkanların mühüm rolu olduğu doğrudur, lakin bu həyatın hamısı deyil, kiçik bir hissəsidir. Buna görə də, pul hər şey deyil və ola da bilməz. Axı kim deyir ki, məhəbbət, səmimiyyət, sevgi, mehribanlıq, dostluq, iman və mənəviyyat pulla əldə oluna bilən şeylərdir? Axı maşın, pul, villa və bu kimi şeylər nə vaxt saf və ülvi məhəbbətin yerini tuta bilmişdir?

Xoşbəxtlik mal-dövlət mənası ilə sinonim deyildir. Əsl və həqiqi xoşbəxtlik saf məhəbbət, iman və mənəviyyatdadır.

Doğrudur, cismani xəstəlikləri pulla müalicə etmək olur, amma ruhi və mənəvi xəstəliklərin də pulla müalicəsi mümkündürmü? Əgər bir kəs pulludursa, amma xəsis və paxıldırsa, ailəsini necə xoşbəxt edə biləcəkdir? Xəsis və paxıl adam ailəsinə xərclədiyi pulu onlara minnət və töhmətlə verir. Ailə-uşağına pul xərcləmir və həmişə çalışır ki, pulunu çoxaltsın. Görəsən, xoşbəxtliyin mənası budurmu?

Yəqin ki, həyatda özünüz dəfələrlə müşahidə etmisiniz ki, insani xüsusiyyətlərə və gözəl əxlaqa malik olmayan adamlar pullu olduqları qədər də bədbəxtdirlər.

Əzizlərim, evlənmək istədiyiniz zaman vəfalı, ağıllı, düşüncəli, tədbirli, ədəbli, həyalı, alicənab, açıqürəkli, mərifətli və mürüvvətli birisini seçin və özünüz də bu sifətlərə yiyələnin ki, xoşbəxtliyə qovuşasınız.

Əziz valideynlər! Allah-Taalanın sizə bəxş etdiyi ən gözəl nemət olan övladlarınızın qədrini bilin və öz valideynlik vəzifənizə əməl edin ki, yoxsa, Allah-Taalanın əzabı çox çətindir.

Mirməhəmməd Bəşir (Maide.az)



[1]. “"Nəhcul- bəlağə”, səh.546, hədis 399407.

[2]. “Məkarimul-əxlaq”, Təbərsi, səh.220; "Biharul-ənvar", Əllamə Məclisi, 71/80, ikinci bölmə  və 74/60, üçüncü bölmə (Peyğəmbərin (s) imam Əliyə (ə) vəsiyyətlərindən); "Rövzətul-vaizin", Fəttal Nişapuri, 2/369.

 

Google+ WhatsApp ok.ru