Bunker inşası və işsizlik təhlükəsi: dünya yeni şəraitdə yaşamağı öyrənir

Bunker inşası və işsizlik təhlükəsi: dünya yeni şəraitdə yaşamağı öyrənir

Dünyada koronavirusa yoluxmaların sayı yarım milyona yaxınlaşır. Ölkələr bir-birinin ardınca pandemiyanın yayılmasının qarşısını almaq üçün gücləndirilmiş tədbirlərə əl atır, sərhədlərin tamamilə bağlanmasını həyata keçirirlər. Ancaq hər kəs koronavirusla mübarizə üçün belə bir siyasət aparmağa hazır deyil.
 
Restoranlarda boş masalar var. Yemək yalnız çatdırılma ilədir. Küçələrdə hərəkət yoxdur. Bunkerlərin inşası üçün görünməmiş tələb var. Koronavirus xəstələrinin sayının 70 min nəfərə yaxınlaşdığı ABŞ-ın bugünkü reallıqları bunlardır. Harvard analitikləri karantin səbəbiylə dövlət iqtisadiyyatına təsiri azaltmaq üçün hökumətdən ABŞ-ın bütün sakinlərini ümumi koronavirus testindən keçirməsini, təyin olunan xəstələri təcrid etmələrini və qalanlarını işə göndərmələrini tələb edir. Amma Donald Tramp qəti şəkildə bunu rədd edib:
 
"Əgər 350 milyon insanı testdən keçirmək haqqında danışırsınızsa, mən buna razı deyiləm. Harvard professorlarının təklifini gördüm. Ancaq yox. Sınaq üçün praktik olaraq heç bir problemin olmadığı ştatlara gedə bilərik. Ancaq eyni zamanda onları tamamilə sınamaq, bu gülüncdür! Bunu etmək lazım deyil."
 
Bundan əlavə bildirilir ki, bütün amerikalıların könüllü olaraq testdən keçəcəyi inandırıcı görünmür. Çünki, qarşıdakı prezident seçkilərində Trampın əsas rəqibi olan demokrat Co Bayden risk altında olmasına baxmayaraq, koronavirus testindən keçməyib. Və keçəcəyi də görünmür.
 
Braziliya prezidenti daha da irəli gedərək, bir neçə Braziliya əyalətində qubernatorların tətbiq etdiyi təcrid və sərt məhdudlaşdırıcı tədbirlərə qarşı çıxıb. Koronavirusun yayılması ilə əlaqədar bölgə rəhbərləri məktəblərin, dükanların bağlanması və ictimai nəqliyyatın məhdudlaşdırılması barədə əmr imzalayıblar.
 
"Digər viruslar bundan daha çox öldürdü və belə bir səs-küy yox idi. Bir neçə bələdiyyə başçısının və qubernatorun etdikləri cinayətdir. Braziliyanı məhv edirlər. Qorxaq olsaq, hamını dinləsək, heç kimin heç bir şey istehsal etmədiyini görərik. İşsizlik başlayar", - deyə Braziliya prezidenti Jair Bolsonaru bildirib.
 
Dünyadakı təcrübələr Braziliya prezidentinə inandırıcı görünmür. Braziliya ilə müqayisədə demək olar ki, üç dəfə az yoluxma hallarının olduğu Səudiyyə Ərəbistanında təkcə komendant saatı tətbiq edilməyib, eyni zamanda Ər-Riyad, Məkkə və Mədinəyə giriş və çıxışlar məhdudlaşdırılıb. Misir isə ziyarətləri qadağan edərək, piramidaları dezinfeksiyaya başlayıblar.
 
Avropa isə karantini uzadır. İspaniya hakimiyyəti ölkə vətəndaşlarına daha 15 gün özlərini təcrid etməyi tapşırıb. Eyni zamanda, hələ də İspaniyada qalan İngiltərə, İrlandiya, Norveç, Almaniya, ABŞ və Kanadadan olan təxminən 40 minə yaxın turistin evlərinə göndərilməsinə çalışırlar. Vəziyyəti bir qədər də çətinləşdirən əksər ölkələrin hava nəqliyyatını bağlamasıdır. İngiltərədə London aeroportu aprel ayının sonuna qədər kommersiya və şəxsi uçuşlara xidməti tamamilə dayandırıb. /versti.ru/

Google+ WhatsApp ok.ru