Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb - YENİLƏNİB

Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb - YENİLƏNİB

Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam ediblər.

 

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib, həmçinin, xırda və iri buynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələri, eləcə də nəqliyyat vasitələri məhv edilib.

 

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

 

Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxıb, kənddə elektrik enerjisi kəsilib.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

 

 

***

Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

 
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, riyakar və qeyri-konstruktiv siyasət aparan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi, həmçinin, təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.
 
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən, çoxsaylı ev və mülki obyektlərə ciddi ziyan dəyib.
 
Mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov,  1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.
 
Dərin təəssüf hissi ilə bildiririk ki, düşmən təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında itkilərimiz vardır.
 
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən, yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də, mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
 
Yerlərdə prokurorluq, o cümlədən, hərbi prokurorluq əməkdaşları tərəfindən baş vermiş hadisələrin tam təfərrüatları araşdırıldıqdan sonra məsələyə hüquqi qiymət veriləcək.
 
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır və sübutların toplanılması həyata keçirilir.
 
Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbi qulluqçularımızın qəhrəmancasına göstərdiyi yüksək əzmi və şücaəti hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır.
 
İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaq.

 

Google+ WhatsApp ok.ru