Azərbaycanda ilk dəfə: Səs fayllarınızı bir neçə dəqiqəyə yazıya çevirə biləcəksiniz

Azərbaycanda ilk dəfə: Səs fayllarınızı bir neçə dəqiqəyə yazıya çevirə biləcəksiniz

Azərbaycanda ilk dəfə olaraq onlayn səsi yazıya çevirən servis istifadəyə verilib.
 
Layihənin müəlliflərindən Samir Abbasov bildirib ki, yeni xidmət “Voicen” adlandırılıb.
 
Onun sözlərinə görə, “Voicen”  – ən son dərin öyrənmə alqoritmlərindən istifadə edilməklə qurulan sistem gündəlik işi transkripsiya (səsi yazıya çevirmə) olan insanlar üçün əvəzsiz bir alətdir. Servisin köməyilə siz reportajları, YouTube videolarını, TV proqramları, kinoları və s. artıq saatlarla deyil, sadəcə dəqiqələr ərzində yazıya çevirə bilərsiniz. Bütün bunlar üçün servisdə bir neçə imkan bir araya gətirilib.
 
“Məsələn, sistem səsi yazıya çevirdikdən sonra süni intellekt vasitəsilə cümlələri bir-birindən ayırır, xüsusi isimləri böyüdür. Bundan başqa bəzi mümkün xətaların çox rahat və sürətli redaktə olunması üçün servis mətn redaktoru ilə də təmin edilib. Mətn redaktoru servisə yüklədiyiniz səs faylı ilə sinxron şəkildə işləyir. Seçdiyiniz istənilən sözü, söz birləşməsini və ya cümləni səsləndirə və redaktə edə, daha sonra alınan nəticəni istədiyiniz mətn fayl formatlarında (.txt, .doc, .srt, .json) kompüterinizə endirə  bilərsiniz. Qeyd edək ki, sistemin bütün elementlərində süni intellektdən istifadə olunub, bu o deməkdir ki, sistemin öyrənmə qabiliyyəti var. Başqa sözlə, servis istifadə olunduqca özünü təkminləşdirir, yəni öyrənir”.
 
Sistem hazırda 4 dil – Azərbaycan, Türk, İngilis və Rus dillərini dəstəkləyir. Bundan əlavə proqramçıların istifadəsi üçün REST API da təmin edilib. Proqramçılar bu API-dan istifadə etməklə çox rahat şəkildə servisi öz proyektlərinə inteqrasiya edə bilərlər. /Marja
 

Google+ WhatsApp ok.ru