Şəkidə bazar müvəqqəti bağlanıb

Şəkidə bazar müvəqqəti bağlanıb

Şəkidə "Şəki Bazar" ASC ərazisində koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.
 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 
Məlumata görə, həmin ərazidə sentyabrın 1-dən indiyə kimi götürülən test nümunələrinin 10-dan çoxu pozitiv çıxıb: "Hal-hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır".
 
Qərargah bildirir ki, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə bazarın müvəqqəti bağlanması qərarı verilib.
 
Məlumata görə, Şəki ilə yanaşı, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bir hissəsi həmin bazarın müştəriləridir.
 
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 30 milyon 356 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 950 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 38 min 777 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 571 nəfərin vəfat etdiyi bildirilir.
 

Google+ WhatsApp ok.ru