‘300 işçi dörd aydır ki, əmək haqqı almır ’

‘300 işçi dörd aydır ki, əmək haqqı almır ’

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) tabeliyində fəaliyyət göstərən Azalternativenerji MMC-nin işçisi iddia edir ki, 4 aydır ki, maaş ala bilmirlər.
 
Qurumun adının çəkilməsini istəməyən əməkdaşı BBC News Azərbaycancaya söyləyib ki, sonuncu dəfə aprel ayında əvvəlki ayların maaşını alıblar.
 
ABEMDA-dan BBC News Azərbaycancaya əmək haqlarının verilmədiyini təsdiqləsə də, bunun səbəblərini açıqlamayıb.
 
Azalternativenerji MMC-nin maaşını ala bilməyən əməkdaşı deyir ki, işçilər gündəlik işə getsələr də, "onları dörd aydır ki, aldadırlar", buna görə də "borc-xərc içində" yaşayırlar:
 
"Rəhbərlikdən bizə heç bir rəsmi xəbər vermirlər. Heç kim çıxıb demir ki, maaş olacaq, ya yox. Ümumiyyətlə, idarənin niyyəti bilinmir. Deyirlər, Maliyyə Nazirliyi ilə problem var, pul ayrılmır. Axı bizim Maliyyə Nazirliyi ilə müqaviləmiz yoxdur, öz idarəmizdən maaş istəyirik".
 
MMC-nin işçisi onlara sadalanan səbəblər arasında "agentliyin ləğv olunduğunun" da hallandığını deyir və sual edir ki, "agentlik ləğv olunubsa, bizi niyə işlədirlər?"
 
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Prezident İlham Əliyevin 2019-cu ilin yanvar ayında imzaladığı fərmanla dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə ləğv edilib. Fərmanda qurumun fəaliyyətinin "ictimai əsaslarla həyata keçirilməklə" yenidən təşkil ediləcəyi deyilsə də, bu barədə məlumat verilmir.
 
"Kiminsə ikinci gəliri varsa, evində işləyəni varsa, elə dolanır. Biz isə əziyyət çəkirik. 300 işçi dörd aydır ki, əmək haqqı almır. Müdiriyyətə dəfələrlə müraciət edilib, deyirlər, maaş olacaq, olacaq, amma olmur, - Azalternativenerji MMC-nin əməkdaşı deyir.
 
ABEMDA-dan BBC News Azərbaycancaya işçilərin əmək haqlarının verilmədiyini təsdiqləsələr də, bunun səbəblərini açıqlamayıblar.
 
Agentliyin mətbuat xidmətinin rəhbəri Tural Rüstəmov hazırda agentliyin strukturunun dəyişilməsi üzrə iş aparıldığını söyləyib.
 
Amma o, prezident fərmanına əsasən, qurumun fəaliyyətini ictimai əsaslarla qurduğu təqdirdə işçilərin taleyi necə olacağına aydınlıq gətirməyib.
 
Sadəcə onu əlavə edib ki, işçilərin əmək haqqı" yaxın vaxtlarda veriləcək".
 
Tural Rüstəmov geçikmiş əmək haqlarının verilməsi ilə bağlı konkret tarix açıqlamayıb.
 

Google+ WhatsApp ok.ru