‘Bəqərə’ surəsini oxumağın fəziləti

‘Bəqərə’ surəsini oxumağın fəziləti

“Bəqərə” surəsinin fəziləti barəsində islami mənbələrdə bir çox dəyərli rəvayətlər nəql olunmuşdur. O cümlədən, mərhum Təbərsi “Məcməul-bəyan” təfsirində belə nəql edir:
 
Peyğəmbərdən soruşdular: Quranın hansı surəsi daha fəzilətlidir? Həzrət buyurdu: “Bəqərə” surəsi. Soruşdular: Onun hansı hissəsi daha fəzilətlidir? Həzrət buyurdu: “Ayətəl-kürsü”.[1]
 
Bu surənin fəzilətli olmasının səbəbi, zahirən onun hərtərəfli olması və “Ayətəl-kürsi”nin də daha fəzilətli olması isə onun xüsusilə tövhid məsələlərini ehtiva etməsi ilə əlaqədardır. Quran surələrinin bəzi ayələrinin digərlərindən müəyyən cəhətdən üstünlüyə malik olmasında heç bir ziddiyyət yoxdur. Çünki onlara müxtəlif nəzərlərdən diqqət yetirilir.
 
İmam Əli ibn Hüseyn (ə) Peyğəmbərdən (s) belə nəql edir: “Hər kəs “Bəqərə” surəsinin əvvəlindəki dörd ayəni, eləcə də, “Ayətəl-kürsü”nü, ondan sonrakı iki ayəni və həmin surənin axırındakı üç ayəni oxusa, onun malı və canına bəla gəlməz, şeytan ona yaxın düşməz və Quran onun həyatında diqqət mərkəzində olub unudulmaz.”[2]
 
Übeyy ibn Kəb Peyğəmbərdən (s) belə nəql edir: “Hər kəs “Bəqərə” surəsini tilavət etsə, Allahın sonsuz rəhmətinə qərq olar və heç bir qorxusu, vəhşəti olmadan bir il Allah yolunda cihad edənkəsin savabı qədər savab qazanar və bu savab onun əməl dəftərində yazılar. Müsəlmanlar hökmən bu surəni oxumalı, öyrənməli və ona əməl etməlidirlər ki, dünya və axirətdə ilahi rəhmət onlaraşamil olsun.”[3]
 
İmam Sadiqdən (ə) belə nəql olunur: “Hər kəs “Bəqərə” və “Ali İmran” surələrini oxusa, Qiyamətdəbu iki surə iki bulud parçası, yaxud çətir kimi onun başına kölgə salacaq və onu cəhənnəm odundan qoruyacaqdır.” [4]
 
Qeyd etmək lazımdır ki, Quranın surə və ayələrinin tilavət olunmasının savab və fəzilətinin məfhumu heç də insanın təkcə onları dildə oxuyub əzbərləməsi və bununla kifayətlənməsi deyil. Əslində Quranın oxunması onun başa düşülməsi üçün, başa düşülməsi isə əməl olunması üçün bir müqəddimədir. Doğrudan da, əgər bir kəs “Bəqərə” surəsinin yuxarıda qeyd olunduğu kimi, tövhid, allahşünaslıq, qeyb aləminə iman və bu kimi məsələlər barəsində olan ayələrini oxusa və onun möhtəvasını tam vücudu ilə qəbul etsə, şübhəsiz, o fəzilətlərə malik olacaqdır. Quranı bütün hallarda oxumaq savabdır, amma onun savabı və təsirləri o vaxt quruculuq xüsusiyyətinə sahib olacaqdır ki, təfəkkür və əməl üçün bir müqəddimə olsun.
 
 (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 1-cild, “Bəqərə” surəsinin təfsiri; “Qolestani-sureha”, Məhəmmədhüseyn Cəfəri, səh.21.)
 
Maide.Az - Maarif bölümü
---------- 
[1] “Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh.26; “Məcməul-bəyan”, 1-ci cild, səh.32
[2] “Səvabul-əmal”, (“Nurus-səqəleyn”in 1-ci cildinin 26-cı səhifəsindən nəqlən)
[3] “Mənhəcus-sadiqin”, 1-ci cild, səh.120; “Məcməul-bəyan”, 1-ci cild, səh.32
[4] “Əl-burhan fi təfsiril-Quran”, 1-ci cild, səh.52
 

Google+ WhatsApp ok.ru